Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfərə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.
Dövlət başçısı bildirib ki, Kiyevin əsas məqsədi uzunmüddətli sülhə nail olmaq və Rusiyanı müharibəni dayandırmağa məcbur etməkdir.
“Lakin bu Ukraynanı illər əvvəl Krımı və Donbasın bir hissəsini verməyə məcbur etdikləri kimi olmamalıdır. O vaxt Putin bu ərazilərdən yeni hücum üçün plasdarm kimi istifadə etdi. Yaxud da 1994-cü ildə Ukraynaya guya ‘təhlükəsizlik zəmanətləri’ verdilər, amma bu işləmədi”, – Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, Ukrayna 2014-cü ildə Krımı güzəştə getməməli idi:
“Necə ki, 2022-ci ildən sonra da ukraynalılar Kiyevi, Odessanı və Xarkovu vermədilər”.
Onun sözlərinə görə, hazırda Ukrayna Müdafiə Qüvvələri Donetsk və Sumı vilayətlərində uğurlar əldə edir və bu, ölkənin öz ərazilərini müdafiə etmək imkanlarını təsdiqləyir.
“Biz Ukraynanı qoruyacağıq, real təhlükəsizlik zəmanətləri təmin edəcəyik və xalqımız prezident Trampa, Amerikaya və bütün tərəfdaşlarımıza dəstək və misilsiz yardıma görə daim minnətdar olacaq”, – Zelenski bəyan edib.
Dövlət başçısı əminliklə bildirib ki, Ukrayna, ABŞ və Avropa müttəfiqlərinin birgə səyləri “Rusiyanı həqiqi sülhə məcbur edəcək”.
Qeyd edək ki, bu gün Vaşinqtonda keçiriləcək danışıqlarda əvvəlcə Donald Tramp Zelenski ilə təkbətək görüşəcək, daha sonra Ukrayna prezidentini müşayiət edən Avropa liderləri də müzakirələrə qoşulacaqlar.
Bizim.Media