Moskvanın ardıcıl şəkildə SOCAR-ın obyektlərini hədəfə alması nə ilə izah oluna bilər - bu, Bakıya mesajdır, yoxsa sırf hərbi taktikanın tərkib hissəsi?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Bu hadisələr Azərbaycanın Ukraynaya humanitar yardımlarını artırdığı, hətta bəzi hərbi məhsulları satmağa başlayacağı xəbərindən sonra baş verdi. Düşünürəm ki, bu, Azərbaycana doğru atılan bir adımdır və məqsədyönlü bir cavab addımıdır. Bu tip hallar bizi yolumuzdan döndərə bilməz. Azərbaycan əvvəldən bəri Ukraynanın işğala məruz qalan, Rusiyanın işğalçı bir ölkə olduğunu açıq şəkildə bəyan edib və bu fikirlərimiz yeni deyil. Rusiyanın bu dərəcə aqressivləşməsi isə əslində ilk hadisələrdir.
Hər halda Azərbaycan tərəfi buna dair cavab verəcəkdir. Bunun hansı formada olacağı zamanı göstərəcək, amma hüquqi aspektdə, yəni, beynəlxalq hüquq sistemi çərçivəsində müraciət olunacaq və Rusiyaya qarşı tədbirlər görüləcək.
Rusiyanın Azərbaycana qarşı atdığı addımlar onun üçün heç də müsbət bir şey vəd etmir. Yəni, Rusiyanın özünə ziyandır. Rəsmi Moskva bu davranışları ilə Cənubi Qafqazdakı ən etibarlı tərəfdaşını itirmiş olur. İndi rus elitası Azərbaycanı xəyanətlə ittiham etsə də, bu çox absurd bir məsələdir. Azərbaycanın Azal təyyarəsinin vurulması bir xəyanətdir, Azərbaycan deputatlarının Rusiya aeroportundan geri çevrilməsi ikinci xəyanətdir. Yəni, Rusiyanın atdığı addımlara qarşı Azərbaycanın atdığı addımlar hələ çox minimalist addımlardır. Amma Rusiya buna baxmayaraq , Azərbaycan qarşısında daha aqressiv olmağa başlayıb. Buradan çıxan nəticə odur ki, Rusiya hər nə qədər bəyan edirsə etsin, Azərbaycanın strateji tərəfdaşı və bərabər dövləti kimi tanısa da, realda, praktik olaraq buna əməl etmir və bunu açıq şəkildə göstərir. Yəni, Rusiyaya görə hələ də Azərbaycan onun keçmiş müstəmləkə ölkəsidir. Müstəqil olduğunu qəbul etsə də, Rusiyanın qərarlarına hesablaşmalı olduğunu düşünür. Amma o belə deyil. Azərbaycan bu gün böyük güclərlə- Çin, Avropa İttifaqı, ABŞ və Türkiyə ilə yaxın əməkdaşlıq edir, strateji tərəfdaşlıqlar imzalayır, müttəfiq münasibətləri qurur və bu, Azərbaycanın atdığı müstəqil xarici siyasətin gətirdiyi bir tələbdir. Buna nə Rusiya, nə də başqa bir ölkə qarışa bilməz. Qarışarsa və münasibətləri pozmağa cəhd edərsə, burada nəticəyə çıxan tərəf özüdür. Azərbaycan Rusiya üçün bir nəfəslik rolunu oynayırdı, qəribin sanksiyaları aspektindən baxdıqda. Amma faktik olaraq, bu gün o nəfəsliyi də bağladı və boğulmağa özünü düçar etdi. Nəticə etibarilə baş verən hadisəyə görə Azərbaycanın tərəfi cavab verəcəkdir. Hazırda prioritet məsələlərimiz bir qədər fərqlidir, buna görə bu diqqətdən yayılmış kimi görünə bilər. Amma bu müvəqqətidir. Gələcəkdə böyük ehtimalla bunun cavab addımları olacaq".
Zeynəb Mustafazadə