RU

Zelenski Tramp görüşündə qarşıdurma gözlənilir ŞƏRH

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-a gedib. Görüş bu gün Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək.

Mövzu ilə bağlı Bakupost.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Alyaska görüşündən sonra Tramp üçün Zelenski ilə görüş zəruri olub:

“Bəzi məlumat və müşahidələrə görə, prezident Tramp Rusiya prezidenti Putinin əksər tələblərini və şərtlərini qəbul etmiş görünür. Bu isə Trampın nəyin bahasına olursa-olsun sülh sazişinin imzalanmasına can atmasından qaynaqlanır. O, bunun sayəsində Nobel sülh mükafatına layiq görülmək istəyir. Böyük ehtimalla, verdiyi vədləri yerinə yetirən sülhpərvər prezident kimi dünya və ya ABŞ tarixinə düşmək niyyətindədir. Ancaq problem ondadır ki, bütün bunlar Ukrayna üçün ciddi təhlükə yaradır. Tramp öz hədəflərinə Ukraynanın ərazi itkiləri hesabına çatmağa çalışır”.

Ekspertin sözlərinə görə, Tramp görüşdə Zelenskiyə təzyiq göstərməyə cəhd edə bilər:

“Bundan əvvəl Ağ Evdə keçirilən görüşdə də Zelenskiyə sərt təzyiqlər göstərilmiş, onu Rusiyanın şərtlərini qəbul etməyə məcbur etməyə çalışmışdılar. O zaman bu, baş tutmamışdı. Lakin bu dəfə növbəti cəhdin ediləcəyi istisna olunmur. Əsas məqsəd Ukrayna prezidentini Rusiyanın xeyrinə ərazilərdən imtina etməyə məcbur etməkdir. Ancaq görüşdən öncə Zelenski bəyan edib ki, Ukrayna Konstitusiyasına zidd olan heç bir tələbə razılıq verməyəcək. Bu da onu göstərir ki, Tramp və Zelenski arasında ziddiyyətlər qaçılmazdır. Çünki Tramp Ukrayna ərazilərinin güzəştini tələb edir, Zelenski isə buna razılıq verməyəcək. Nəticədə qarşıdurma yaranacaq. Ziddiyyətlər daha da dərinləşə bilər”.

E.Xalidbəyli əlavə edib ki, Zelenskinin yeganə çıxış yolu vaxtı uzatmaq üçün manevrlər etmək ola bilər:

“Zelenski qəti cavab vermədən və ya açıq imtina etmədən, qərarın indi verilməməsinə nail ola bilər. Bu da vaxtın uzadılması deməkdir və müəyyən mənada gərginlikdən qaçmaq üçün yeganə variantdır. Ancaq Trampın buna razı olub-olmayacağı bir qədər şübhəlidir. Onu da qeyd etmək lazımdır ki, Zelenski bu dəfə əvvəlkindən fərqli olaraq tək deyil. Bəzi Avropa ölkələrinin liderləri də onu dəstəkləmək üçün ABŞ-yə gediblər. Məhz bu addım Zelenskini Trampın təzyiqlərindən qismən qoruya bilər”.

Lalə Novruz,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
50
www.bakupost.az

10Источники