RU

ARAŞDIRMA: Yumurta ürəyi gücləndirirmi?

Bu yaxınlarda aparılan araşdırma göstərib ki, orta səviyyədə yumurta istehlakı qandakı faydalı metabolitlərin miqdarını artıraraq ürək sağlamlığını yaxşılaşdıra bilər.

E-saglam.az-ın məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm yumurta yeyən insanlarda “yaxşı lipoprotein” səviyyəsi daha yüksəkdir və onların HDL molekulları daha böyükdür. Bu molekullar xolesterolu qan damarlarından çıxararaq ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərə bilər.

Dünyada ürək-damar xəstəliklərinin artması fonunda pəhrizin rolu daha da ön plana çıxır. Uzun müddətdir müzakirə mövzusu olan suallardan biri də yumurtanın faydalı, yoxsa zərərli olmasıdır. Son araşdırmalar göstərir ki, orta miqdarda yumurta istehlakı ürək sağlamlığına müsbət təsir edə bilər.

2022-ci ildə eLife jurnalında dərc olunan araşdırmada müəyyən edilib ki, yumurta qəbulu qanda ürək üçün faydalı metabolitlərin sayını artırır. Bu da yumurtanın normada istehlak edildikdə qoruyucu təsirini qismən izah edir.

Yumurta ürək üçün faydalıdırmı?

Yumurta yüksək keyfiyyətli xolesterol və bir sıra vacib qidaların mənbəyidir. Lakin onun ürəyə faydalı və ya zərərli olması ilə bağlı fərqli nəticələr mövcuddur.

2018-ci ildə Çində yarım milyon nəfər üzərində aparılan tədqiqat göstərib ki, gündə bir yumurta yeyən insanlarda ürək xəstəliyi və insult riski daha azdır. Bu nəticələr Heart jurnalında dərc olunub.

Pekin Universitetinin Epidemiologiya və Biostatistika Departamentindən Lang Pan bildirib: “Çox az araşdırma yumurta istehlakı ilə ürək-damar xəstəlikləri riski arasındakı əlaqədə plazma xolesterinin rolunu incələyib. Biz də bu boşluğu doldurmağı hədəflədik”.

Araşdırmaya Çinin Kadoorie Biobankından 4778 nəfər cəlb edilib. Onlardan 3401 nəfəri ürək-damar xəstəliyindən əziyyət çəkib, 1377-si isə sağlam olub. İştirakçıların plazma nümunələrində 225 metabolit ölçülüb və onlardan 24-nün yumurta istehlakı ilə əlaqəli olduğu müəyyənləşdirilib.

Orta dərəcədə yumurta yeyənlərdə HDL-nin əsas zülalı olan apolipoprotein A1 səviyyəsi yüksək, HDL molekulları isə daha böyük olub. Bu molekullar xolesterolu damar divarlarından təmizləyərək infarkt və insult riskini azalda bilər. Az yumurta yeyənlərdə isə faydalı metabolitlər aşağı, zərərli metabolitlər daha yüksək olub.

Pekin Universitetinin dosenti Canqing Yu qeyd edib: “Tapıntılarımız göstərir ki, orta dərəcədə yumurta istehlakı ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərə bilər. Lakin səbəb-nəticə əlaqəsini təsdiqləmək üçün əlavə tədqiqatlar aparılmalıdır”.

Professor Liminq Li isə vurğulayıb: “Çin milli pəhriz qaydaları gündə bir yumurta yeməyi tövsiyə edir, amma hazırkı istehlak bu normadan aşağıdır. Əhalidə orta yumurta qəbulu artırılarsa, ürək-damar xəstəliklərinin ümumi riski də azala bilər”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
36
8
e-saglam.az

10Источники