RU

"Elektron avtomobillərə verilən güzəştlər hibrid avtomobillərə də şamil olunmalıdır" — AÇIQLAMA

"Hazırda Azərbaycan hökuməti 2026-cı ilin əvvəlində başa çatacaq güzəştlərin davam etdirilməsi məsələsini müzakirə edir. Mən hesab edirəm ki, müəyyən dəyişikliklər edilməlidir və elektron avtomobillərə verilən güzəştlər hibrid avtomobillərə də şamil olunmalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib. 

O bildirib ki, hazırda gömrük rüsumları qüvvədə qalır və güzəştlərdə istehsal müddəti yalnız 3 il nəzərə alınır:

"Bu müddət kifayət qədər qısadır. Ən azı 5 il müəyyən edilsə, ölkəmizdə hibrid avtomobillərin sayı əhəmiyyətli dərəcədə arta bilər. Bu da, nəticə etibarilə, havanın təmizlənməsinə və ekoloji tarazlığın qorunmasına böyük töhfə verər.

Güzəştlərin artırılması da vacibdir. Məsələn, bəzi xarici ölkələrdə ekoloji avtomobillərə avtobus zolaqlarından istifadə icazəsi verilir. Bu cür addımlar vətəndaşları stimullaşdırır, onların vaxtına qənaət edir və daha çox ekoloji avtomobil seçiminə sövq edir. Bundan əlavə, hibrid avtomobillər üçün gömrük rüsumunun tamamilə ləğvi də bazarda artımı sürətləndirə bilər".

Ekspert bildirib ki, ekoloji baxımından da hibrid avtomobillər elektrikli avtomobillərlə müqayisədə daha uyğun hesab oluna bilər:

"Çünki elektrikli avtomobillərin batareyaları tez köhnəlir və ölkəmizə gətirildikdən sonra müəyyən müddətdən sonra dəyişdirilməsinə ehtiyac yaranır. Halbuki mövcud güzəştlər ehtiyat hissələrinə, o cümlədən batareyalara şamil edilmir. Ona görə də ehtiyat hissələrinə də güzəştlərin tətbiq olunması məqsədəuyğun olardı.

Nəhayət, 2026-cı ilin yanvarında başa çatan güzəşt dövrünün növbəti illərə də uzadılması ölkəmizdə ekoloji avtomobillərin sayını artıracaq və ekologiyanın qorunmasına mühüm töhfə verəcəkdir.

Ekoloji avtomobillərə bank kreditlərinin ayrılmasında daha çox güzəştlər tətbiq oluna bilər. Bu da ekoloji evtomobillərin sayının artmasına səbəb ola bilər".


Əfsanə Kamal
Demokrat.az
Избранный
21
9
demokrat.az

10Источники