Vətəninfo.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ-da keçirilən Ağ Ev görüşlərində Ukraynanın alyansa üzvlüyü məsələsi gündəmdə olmayıb. Əvəzində, Ukrayna üçün NATO-nun məşhur “Maddə 5”inə bənzər təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələr aparılıb.
“Vəziyyət belədir ki, ABŞ və bəzi digər ölkələr Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduqlarını bildiriblər. NATO-nun rəsmi mövqeyi isə ondan ibarətdir ki, Ukraynanın NATO-ya üzvlüyü geri dönməz yoldadır”, – deyə Rutte Fox News-a açıqlamasında bildirib.
O əlavə edib: “Amma burada müzakirə olunan məsələ Ukraynanın NATO-ya üzvlüyü deyil, bu ölkəyə NATO-nun Maddə 5-nə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi və bu zəmanətlərin konkret olaraq nədən ibarət olacağıdır. Bu barədə müzakirələr daha detallı şəkildə aparılacaq.”
Qeyd edək ki, NATO-nun təsis sənədinin 5-ci maddəsi kollektivi müdafiə prinsipini təsbit edir. Bu prinsipə görə, alyans üzvlərindən birinə edilən hücum hamıya edilmiş sayılır və birlikdə cavab verilir. Ukraynanın NATO-ya üzv olmaq arzusu isə ölkə konstitusiyasında strateji məqsəd kimi qeyd olunub.
Digər tərəfdən, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynanı Rusiya ilə sülh sazişi imzalamaq üçün NATO-ya üzvlük iddiasından əl çəkməyə razı salmağa çalışır.