RU

Universitet yataqxanalarındakı qiymətlər - Tələbələrin PROBLEMİ

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Belə vəziyyətdə kirayə mənzillərin qiymətində müşahidə olunan artım maddi imkanı məhdud olan tələbələri daha da çətin vəziyyətə salır. Universitet yataqxanalarının sayının azlığı və mövcud şəraitin yetərsizliyi isə bu problemi daha da aktuallaşdırır: yaşayış yerilə necə təmin olunmalı?..

Modern.az saytı bir sıra ali təhsil müəssisələri arasında sorğu keçirərək yataxanalarla bağlı mövcud vəziyyəti araşdırıb.

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)

Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirilib ki, ali təhsil müəssisəsinin Bakı şəhərində 5 tələbə yataqxanası mövcuddur. Lakin bu yataqxanalardan 4-də 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb:

“ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunurlar. Bütün otaqlar tam təmirlidir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan yerli və əcnəbi qız tələbələr qəbul olunur”.

Azərbaycan Tibb Universiteti (ATU)

Azərbaycan Tibb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova sorğumuza cavab olaraq bildirib ki, universitetin bir neçə yataqxanası fəaliyyət göstərir.

“5 və 6 saylı yataqxanalarda otaqlar adətən 3 nəfər üçün nəzərdə tutulub. 1 və 2 saylı yataqxanalarda isə otaqların əksəriyyəti 3 və 4 nəfərlikdir, 2 nəfərlik otaqlar isə çox azdır.

Yataqxana qiymətləri yerləşdirmə şəraitinə və otaqdakı tələbə sayına əsasən dəyişir. Azərbaycanlı tələbələr üçün aylıq ödəniş 60-80 AZN, əcnəbi tələbələr isə aylıq 120 AZN təşkil edir.

Yataqxanalarda, əsasən, azərbaycanlı tələbələr üstünlük təşkil edir. Bir yataqxana əcnəbi tələbələr üçün nəzərdə tutulub. 1 saylı yataqxanada 20 nəfər əcnəbi tələbə yaşayır, digər yerlər isə azərbaycanlı tələbələrdən ibarətdir. Ümumilikdə, əcnəbi tələbələrin sayı yerli tələbələrin sayından iki dəfə azdır”.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

“Azərbaycan Dövlət İqtisad Universitetinin ümumilikdə beş yataqxanası mövcuddur. Lakin hazırda bu yataqxanalarda məcburi köçkünlər məskunlaşdığından tələbələrin onlardan istifadə etməsi mümkün deyil. Məcburi köçkünlər yeni yaşayış sahələrilə tam təmin edildikdən sonra yataqxanalar əsaslı təmir olunaraq tələbələrin istifadəsinə veriləcək”- UNEC-dən bildirilib.

Bakı Mühəndislik Universiteti (BMU)

Bakı Mühəndislik Universitetindən verilən məlumata görə, oğlan və qızlar üçün 342 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir:

“Yataqxanadakı 77 otağın hər biri 4 nəfərlikdir. Universitetin tələbə yataqxanaları ən müasir tələblərə cavab verir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var.

Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.

Yataqxanalarda daha çox yerli tələbələr yerləşib. Əcnəbi tələbələrdən də yataqxananın imkanlarından istifadə edənlər var.

Qiyməti ayda 70 manat təşkil edir”.

Azərbaycan Texniki Universiteti (AzTU)

“AzTU-nun yataqxanasında məcburi köçkün ailələri məskunlaşıb. Son illər binalarda 124 ailə yaşayıb, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərə - doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxanaların təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə onların tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulur”,- universitetdən bildirilib.

Azərbaycan Dillər Universiteti (ADU)

Azərbaycan Dillər Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, ali təhsil müəssisəsinin 2 saylı yataqxanası qızlar üçün nəzərdə tutulub və 205 nəfərlikdir. Xidmət haqqı 30 manat təşkil edir:

“Yataqxanada azərbaycanlı tələbələr üstünlük təşkil edir. Oğlanlar üçün nəzərdə tutulan 1 saylı yataqxana isə hazırda məcburi köçkünlərin yerləşdirilməsi səbəbindən tələbələr üçün fəaliyyət göstərmir. Lakin məcburi köçkünlər doğma yurda qayıtdıqdan sonra yataqxana təmir edilərək oğlan tələbələrin istifadəsinə veriləcək”.

Избранный
12
1
modern.az

2Источники