ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzv olmayacağını bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.
"Təhlükəsizliyin hansısa forması olacaq. Amma bu NATO ola bilməz, bu baş verməyəcək", - Tramp bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ Ukraynaya birbaşa hərbi yardım göstərmir.
"Onlar silahları NATO vasitəsilə alırlar. Biz hərbi texnika istehsal edir və onu tam qiymətə NATO-ya satırıq. NATO da bizə dərhal ödəniş edir. Hər şey belə işləyir. Sonra NATO texnika ilə bağlı istədiyi kimi hərəkət edir, lakin əsasən onu Ukraynaya verir", - Tramp izah edib.
O, həmçinin münaqişənin diplomatik yolla həlli üçün göstərdiyi səylər barədə məlumat verib. Tramp Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxladığını və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün keçirilməsi barədə razılığa gəlməyə çalışdığını qeyd edib. Onun sözlərinə görə, danışıqlar uğurla nəticələnərsə, üçtərəfli görüş keçirməyə və bu məsələyə son qoymağa hazırdır.
"Düşünürəm ki, Rusiya Prezidenti Putin bundan yorulub, hamı yorulub. Amma nə olacağını heç kim bilmir. Biz bunu növbəti bir neçə həftə ərzində öyrənəcəyik", - Ağ Evin rəhbəri əlavə edib.
Danışıqlarla bağlı vəziyyətə toxunan Tramp deyib ki, Ukrayna əvvəl-axır "öz həyatını geri qaytaracaq, insan itkiləri verməyi dayandıracaq və çoxlu torpaq əldə edəcək".