"18 avqustda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında, daha sonra isə Avropa liderləri ilə keçirilən görüşlərdən konkret nəticələr gözləmək üçün hələ tezdir".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, qarşıda növbəti mərhələlər var:
"Xüsusən də Zelenski və Putin arasında keçirilməli olan görüşü nəzərə almaq lazımdır. İndiki mərhələdə tərəflərin nələrdə güzəştə gedə biləcəyi və ya hansı tələbdə israr edəcəyini öyrənmək baxımından bu görüşləri əhəmiyyətli hesab etmək olar.
Tramp ilk öncə Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşəndə Moskvanın konkret hansı addımlar ata biləcəyi ilə bağlı təəssüratları formalaşdırdı və bu barədə Ukrayna tərəfinə məlumat verildi. Dünənki görüşdə isə müzakirə olunan məsələlərlə bağlı Putinə məlumat verdi. Artıq növbəti görüşün Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında keçirilməsi gözlənilir".
Ekspert danışıqlarda müsbət məqamın olduğunu da söyləyib:
"Danışıqlarda müsbət məqam ondan ibarətdir ki, bütün tərəflər Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində ortaq mövqedədir və bunun vacibliyini paylaşırlar. Dünənə qədər bu mövzuda fərqli fikirlər olsa da, ABŞ-nin təsiri ilə Alyaskada Putin belə Ukraynaya təhlükəsiz zəmanətin mümkünlüyünə dair mövqeyini ortaya qoydu.
İndi ABŞ təhlükəsiz zəmanətin nələri ehtiva edə biləcəyinə dair təşəbbüslərini təqdim edəcək. Ukraynada böyük ordu yaradılması, hazırlanması, silah və texnika ilə təminatı, eləcə də Avropa ölkələrinin Ukrayna ərazisində hərbi birliklər yerləşdirməsi kimi məsələlər təşəbbüslərdə nəzərdə tutulur".
Politoloq qeyd edib ki, hərbi birliklər təmas xəttində deyil, digər istiqamətlərdə yerləşdiriləcək:
"Bu da Ukrayna üçün təhlükəsizlik zəmanəti rolunu oynaya bilər. Lakin ciddi nəticə üçün Rusiya mütləq ilkin tələblərindən güzəştə getməlidir. Putinin bəyanatlarında isə hələ də belə bir təəssürat yoxdur.
Məsələ ondadır ki, Rusiya uzun müddətdir işğal etməyə çalışdığı, amma tamamilə işğal edə bilmədiyi 25 faiz ərazinin ona verilməsini və müqabilində digər cəbhə istiqamətində vəziyyətin dondurulması ilə bağlı razılıq istəyir.
Ancaq bu qərar təkcə Zelenskinin qəbul edə biləcəyi məsələ deyil. Bunun üçün referendum keçirilməli və konstitusiya məsələləri həll olunmalıdır. Yəni ərazi mübadiləsi kimi məsələ üçün Zelenskinin qərarı yetməz, ümumxalq səsverməsi keçirilməlidir".
Rəşad Bayramovun sözlərinə görə, bunun üçün də ilk növbədə atəşkəs lazımdır:
"Lakin Rusiya hansısa formada atəşkəsə getməkdən imtina edir. Gələcək görüşlərdə Rusiyanın atəşkəsə razılaşması və münaqişənin dayandırılmasına razılıq verməsi isə ciddi irəliləyiş olar. Amma hazırda Rusiya işğal etdiyi torpaqların öz ərazisi kimi tanınmasında israr edir.
Qərb və Ukrayna tərəflərinin təklifləri isə təmas xəttinə əsaslanaraq münaqişənin dayandırılması və işğal altındakı torpaqların beynəlxalq aləmdə tanınmaması üzərindədir. Sonrakı mərhələdə həmin torpaqlarla bağlı danışıqlar, referendum və konstitusiya dəyişiklikləri gözlənilir".
Müsahibimiz fikirlərini belə yekunlaşdırıb:
"Əgər Putin müharibənin dayandırılmasına razılaşsa, Ukrayna da buna müsbət cavab verə bilər. Çünki onlara nəfəs almaq və təhlükəsizlik zəmanəti lazımdır. Buna baxmayaraq, Putin Zelenski ilə görüşəndə də işğal altındakı ərazilərin Rusiyanın tərkib hissəsi kimi tanınması şərti ilə müharibənin dayandırılmasını istəsə, o zaman sülh danışıqları mümkün olmayacaq və savaş davam edəcək".
Pərviz