RU

Magistraturada yerlər boş qalıb: maraq niyə azalıb? - Deputat səbəbləri AÇIQLADI

Son illər Azərbaycanda ali təhsilin magistratura pilləsinə marağın ciddi şəkildə zəiflədiyi açıq – aşkar görünür. Bu fakt artıq yalnız müşahidələrdə yox, həm də rəsmi rəqəmlərdə özünü göstərir.

2025-ci il magistraturaya qəbul imtahanlarının nəticələri bunun bariz sübutudur:

Belə Dövlət İmtahan Mərkəzinin (DİM) açıqlamasına görə, magistraturada boş qalan 3700 yerə  (onlardan 1200-ü dövlət sifarişi ilə) cəmi 1418 nəfər seçim edib.

Bu şəxslərdən isə sadəcə 617 nəfər qəbul olunub.

Dövlət sifarişi üzrə ayrılmış 1200 yerin cəmi 96-sı dolub.

Bu nə deməkdir? Yüzlərlə dövlət sifarişli yer – yəni tamamilə pulsuz təhsil imkanı – boş qalıb! Ümumilikdə isə magistraturada 3000-dən çox yer dolmayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a bildirib ki, bu rəqəmlər bir sıra narahatedici nəticələri ortaya qoyur:

“Magistratura təhsilinə maraq azalıb: Bu, gənclərimizin artıq əlavə akademik pilləni karyera üçün vacib saymadığını göstərir.

Təhsildə keyfiyyət və etibarlılıq məsələsi: Əgər gənclər dövlət sifarişi ilə verilən imkandan imtina edirlərsə, bu, sistemin cəlbediciliyi ilə bağlı ciddi suallar doğurur.

Əmək bazarının təsiri: Magistr diplomunun əmək bazarında əvvəlki illərdəki kimi üstünlük yaratmaması və işə qəbul prosesində real təsirinin zəifləməsi, marağın azalmasının əsas səbəblərindən biridir.

Təhsil siyasətində strateji boşluq: Dövlət resurslarının ayrılıb istifadəsiz qalması, həm də ölkənin insan kapitalı potensialının zəifləməsinə gətirib çıxarır.

Bu gün biz bir reallıqla üz-üzəyik: Ali təhsilin magistratura pilləsi ölkədə əvvəlki nüfuzunu və çəkisini itirməkdədir”.

Bəs nə etməliyik?


Ceyhun Məmmədovun sözlərinə görə, təhsil proqramları müasir əmək bazarının tələblərinə uyğun yenilənməlidir:

“Magistr təhsili işəgötürənlər üçün real üstünlük yaratmalıdır.

Dövlət sifarişi ilə ayrılan yerlərin boş qalmasının qarşısını almaq üçün məcburi deyil, cazibədar sistem qurulmalıdır.

Təhsil müəssisələri elmi-tədqiqat imkanlarını gücləndirməli, magistratura təhsili sadəcə formal davam pilləsi yox, praktik və elmi dəyəri olan bir mərhələ kimi formalaşmalıdır.

Bu rəqəmlər bizə xəbərdarlıq edir: əgər bu tendensiya davam etsə, yaxın illərdə ölkəmizin ali təhsil sistemi daha ciddi itkilərlə üzləşəcək”.

Sonda qeyd etmğk lazımdır ki, təhsil siyasətində çevik və əsaslı islahatlar olmadan bu böhran daha da dərinləşəcək.

Azərbaycanın gələcəyi gənclərimizin savadlılığı, hazırlığı və keyfiyyətli təhsilindən keçir. Boş qalan dövlət sifarişli yerlər isə bizim üçün sadəcə rəqəm deyil – gələcək üçün itirilmiş şanslardır.

Избранный
53
9
modern.az

10Источники