Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 18 sentyabr tarixində keçirilməsi planlaşdırılır.
KONKRET.az e-huquq.az-a istinadən xəbər verir ki, iclasda “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.
Müzakirənin məqsədi:
Podrat müqavilələri ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi.
Mövzu üzrə müzakirəyə təqdim edilən suallar:
1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əhatə olunan podrat işləri üzrə şifahi formada və ya həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanan müqavilələr etibarlı əqd kimi qiymətləndirilə bilərmi?
2. Sifarişçi müqavilədə nəzərdə tutulmayan və onun tərəfindən yerinə yetirilməsi tələb edilməyən əlavə işlərin dəyərini ödəməkdən imtina edir, bununla belə Mülki Məcəllənin 753.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etmirsə, həmin işlərin dəyəri ödənilməlidirmi?
3. Mülki Məcəllənin 776-cı maddəsində icranın qüsuru barəsində tələblər üzrə iddia müddətinin axımının başlanması işin qəbul edildiyi günlə müəyyən edilmişdir. İşin qəbul edilməsi zamanı sifarişçi tərəfindən aşkar edilməsi çətin, bəzi hallarda isə qeyri-mümkün olan qüsurların (gizli qüsurların) mövcud olması hallarında da iddia müddətinin axımının başlanması işin qəbul edildiyi günlə müəyyən edilməlidir?
Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə hüquqşünaslar ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.
Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən ekpertlərin 15 sentyabr tarixədək [email protected] elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Həmçinin mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə edilir.
Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.