RU

Gələcəkdə insanlar 5 bədən üzvünü itirəcəklər

Alimlər xəbərdarlıq ediblər ki, gələcəkdə insanlar saçsız qala və müasir həyat tərzi səbəbindən dörd bədən hissəsini itirə bilərlər.
 
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, qidalanmadakı, texnologiyadakı və ətraf mühitdəki dəyişikliklər min illər ərzində bu radikal təkamül dəyişikliklərinə səbəb ola bilər.
 
Bir vaxtlar sağ qalmaq üçün vacib olan əlamətlər məsələn, bədən tükləri və ya bəzi orqanlar artıq insan bədənindən tədricən yox ola bilər.
 
Tədqiqatçılar xüsusilə diqqəti ona yönəldirlər ki, müasir rahatlıqlar, fiziki aktivliyin azalması və tibbi nailiyyətlər insan anatomiyasını təkamül nəzəriyyəsində yalnız fərziyyə kimi qeyd edilən şəkildə dəyişə bilər.
 
Onlar insanın təkamül prosesində itirəcəyi beş bədən hissəsini sadalayıblar:
 
1. Saçlar
 
Bədən tükləri bir vaxtlar istilik və qorunma üçün həyati rol oynayırdı. Bu gün isə kirpik və qaş istisna olmaqla, tüklərin təmizlənməsi xüsusən qadınlar arasında standart bir qayğı formasıdır. Müasir geyim, isitmə sistemləri və rahatlıq təbii izolyasiyanın artıq vacib olmadığını göstərir. Buna görə də alimlər proqnozlaşdırır ki, bədən tükləri daha da nazikləşə, seyrəkləşə və tamamilə yox ola bilər.
 
2. Dişlər (zəka dişləri)
 
Üçüncü azı dişləri (zəka dişləri) qədimdə sərt və çiy qidaları, kökləri, qozları və çiy əti çeynəmək üçün lazım idi. Müasir yumşaq qidalanma isə onları demək olar ki, lazımsız edib. Artıq hər beş nəfərdən birində bütün dörd zəka dişi inkişaf etmir. Çənələrin nəsildən-nəslə kiçilməsi və yumşaq qidalar səbəbilə bu dişlər tez-tez ağrı və infeksiyalara səbəb olur, çox vaxt isə çıxarılır.
 
Alimlərin fikrincə, gələcək nəsillər bu dişləri ümumiyyətlə itirə bilər.
 
3. Quyruq sümüyü (Kopçik)
 
Bu, primatlarda quyruğun qalıq hissəsidir və əvvəllər tarazlığı qorumağa kömək edirdi. Bu gün isə yalnız bəzi çanaq əzələlərini dəstəkləyir və praktiki əhəmiyyəti demək olar ki, yoxdur. Araşdırmalar göstərir ki, insanlarda quyruq sümüyü artıq kiçilib. Gələcəkdə isə tamamilə yox ola bilər.
 
4. Appendiks
 
Əvvəllər lifli qidaları həzm etmək üçün lazım idi, amma müasir emal olunmuş qidalarla bu funksiyası əhəmiyyətini itirib.
 
Bəzi araşdırmalara görə, o, faydalı bağırsaq bakteriyalarının yaşaması üçün mühit ola bilər. Lakin əksər hallarda appendiks rudimentar orqan sayılır və ən çox çıxarılan orqanlardan biridir. Min illər ərzində təbii seçmə nəticəsində appendiksin tamamilə yox olması mümkündür.
 
5. Qulaq əzələləri
 
Keçmişdə bu əzələlər insanlara qulaqlarını səslərə tərəf çevirməyə imkan verirdi. Bu, ovçuları və ya təhlükəni vaxtında aşkar etmək üçün vacib idi. Bu gün isə qulaq əzələləri əksər insanlarda işləmir. Yalnız 10–20% insan qulaqlarını hərəkət etdirə bilir və bu qabiliyyət kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.
 
Alimlər hesab edirlər ki, min illər ərzində bu əzələlər də tamamilə yox ola bilər və gələcək nəsillərin qulaqları hərəkətsiz olacaq.
 
Beləliklə, alimlər proqnozlaşdırırlar ki, gələcəkdə insanlar saçlarını, zəka dişlərini, quyruq sümüyünü, appendiksi və qulaq əzələlərini itirə bilərlər.
Избранный
43
5
moderator.az

6Источники