RU

Magistraturaya maraq niyə azalıb? Deputat DANIŞDI

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Son illər ölkəmizdə ali təhsilin magistratura pilləsinə marağın ciddi şəkildə zəiflədiyi açıq şəkildə görünür. Təəssüf ki, bu fakt artıq yalnız müşahidə yox, həm də rəsmi rəqəmlərdə özünü göstərir. 2025-ci il magistraturaya qəbul imtahanlarının nəticələri bunun bariz sübutudur. Boş qalan 3700 yerə (onlardan 1200-ü dövlət sifarişi ilə) cəmi 1418 nəfər seçim edib. Onlardan isə 617 nəfər magistrant adını qazanıb. Lakin dövlət sifarişi üzrə ayrılmış 1200 yerin cəmi 96-sı dolub.

Bəs görəsən, dövlət sifarişli yerlər niyə dolmur? Bakalavrlar nəyə görə həmin ixtisasları seçmir?

Milli Məclisin deputatı, elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, gənclərimiz akademik pilləni karyera üçün vacib saymırlar:

“Bu nə deməkdir? Yüzlərlə dövlət sifarişli yer – yəni tamamilə pulsuz təhsil imkanı boş qalıb! Ümumilikdə isə 3000-dən çox magistratura yeri doldurulmayıb. Bu rəqəmlər bir sıra narahatedici nəticələri ortaya qoyur. Magistratura təhsilinə maraq azalıb. Bu, gənclərimizin artıq əlavə akademik pilləni karyera üçün vacib saymadığını göstərir.

Təhsildə keyfiyyət və etibarlılıq məsələsi. Əgər gənclər dövlət sifarişi ilə verilən imkandan imtina edirlərsə, bu, sistemin cəlbediciliyi ilə bağlı ciddi suallar doğurur.

Əmək bazarının təsiri. Magistr diplomunun əmək bazarında əvvəlki illərdəki kimi üstünlük yaratmaması və işə qəbul prosesində real təsirinin zəifləməsi, marağın azalmasının əsas səbəblərindən biridir.

Təhsil siyasətində strateji boşluq. Dövlət resurslarının ayrılıb istifadəsiz qalması, həm də ölkənin insan kapitalı potensialının zəifləməsinə gətirib çıxarır.

Bu gün biz bir reallıqla üz-üzəyik: Ali təhsilin magistratura pilləsi ölkədə əvvəlki nüfuzunu və çəkisini itirməkdədir”.

C. Məmmədov problemi həll etməyin yolları barədə danışıb:

"İlk növbədə təhsil proqramları müasir əmək bazarının tələblərinə uyğun yenilənməlidir. Magistr təhsili işəgötürənlər üçün real üstünlük yaratmalı, dövlət sifarişi ilə ayrılan yerlərin boş qalmasının qarşısını almaq üçün məcburi deyil, cazibədar sistem qurulmalıdır. Təhsil müəssisələri elmi-tədqiqat imkanlarını gücləndirməli, magistratura təhsili sadəcə formal davam pilləsi yox, praktik və elmi dəyəri olan bir mərhələ kimi formalaşmalıdır.

Bu rəqəmlər bizə xəbərdarlıq edir. Əgər bu tendensiya davam etsə, yaxın illərdə ölkəmizin ali təhsil sistemi daha ciddi itkilərlə üzləşəcək. Təhsil siyasətində çevik və əsaslı islahatlar olmadan bu böhran daha da dərinləşəcək. Azərbaycanın gələcəyi gənclərimizin savadlılığı, hazırlığı və keyfiyyətli təhsilindən keçir. Boş qalan dövlət sifarişli yerlər isə bizim üçün sadəcə rəqəm deyil, gələcək üçün itirilmiş şanslardır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
9
lent.az

10Источники