RU

“Şəhidlər xiyabanı üçün əlavə qanuna ehtiyac yoxdur” -

Xəbər verildiyi kimi, Milli Məclisin payız sessiyasında Şəhidlər xiyabanında çəkilişlər və digər davranışlarla bağlı daha konkret və sərt tənzimləmələrin zəruriliyi müzakirə oluna bilər. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, bu istiqamətdə əlavə qanun qəbuluna ehtiyac yoxdur: “Qanunvericilikdə artıq dəqiq müddəalar var və məzarlığa, abidələrə hörmətsizlik hər yerdə eyni qaydada cəzalandırılır. Əgər bu hadisə hər gün, tez-tez baş verən bir hal olsaydı, qanunvericilikdə ayrıca müddəa nəzərdə tutmaq olar idi. Amma təsadüfən bir-iki nəfərin etdiyi hörmətsizlik hamıya aid edilə bilməz. Bu, daimi sosial münasibət deyil ki, ayrıca qanunla tənzimlənməsinə ehtiyac olsun. Onsuz da belə hərəkətlər törədənlər mövcud qanunlara əsasən cəzalarını alırlar”. Millət vəkili deyib ki, əgər hər şeyi “milli-mənəvi dəyər” kateqoriyasına daxil etsək, o zaman məscidlərdən tutmuş universitetlərə qədər hər bir sahəni ayrıca qanunla qorumaq lazım gələrdi: “Qanun ümumi qaydaları müəyyən edir: məzara hörmətsizlik etmək olmaz, ictimai yerdə tərbiyəsiz davranmaq olmaz və bu hərəkətlərə görə konkret cəza var. Ona görə də ayrıca əlahiddə qanun qəbul etmək doğru yanaşma deyil. Şəhidlər xiyabanı xalqımız üçün mənəvi kateqoriyadır. Burada hüquqi məcburiyyətdən daha çox insanların öz dəyərləri, mənəvi məsuliyyəti rol oynayır. Azərbaycan xalqı şəhidlərinə dəyər verən xalqdır və qanun olmasa da, bu məkanlara həssaslıq göstərir, hörmətsizlik edənlərə də cəmiyyətin öz münasibətini bildirir. Bu, dövlətin məcbur etməsi ilə deyil, xalqın mənəvi dəyərlərə bağlılığı ilə qorunur”, - deyə Fazil Mustafa fikirlərinə əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
9
3
metbuat.az

4Источники