RU

Ölümün ifadəsi bir başdaşına sığacaq qədər sadə olmalıdır…

Biz adamları yola salmağı bacarmalıyıq. Bir az əvvəl Məmməd İsmayılla vida mərasiminə baxırdım, xoşuma gəldi.

Yaşadığın kimi də bu dünyadan köçmək gözəldi. Öz kəndinin qoynunda, cəmi bir yurdun camaatı qədər toplaşan, bir saz havası ilə yola salınan, ətrafdakı ağacların da son mənzilə yığışdığı ölüm səhnəsi…

Bu səhnəyə baxa-baxa düşünürsən: “Ya Əsrik Cırdaxan, ya Fəxri xiyaban…”

Şairin ilk mənzili necədirsə, son mənzili də elə olmalıdı…

Nəsə bu ölümü müşahidə eləyə-eləyə düşünürəm ki, əslində şair öz xalqından böyük görünməməlidi, dəfn olunanda belə.

Öz xalqının içində yaşamalı, çay kimi xalqının içindən axıb keçməli, torpağa qarışmalıdı. Elə Məmməd İsmayıl kimi…

Qayıdıb bir də baxıram. Saz elə bil vida mərasimlərində açılan yaylım atəşidir… Bir bölük Əsrik camaatı fəxri qarovuldu. Ağaclar Azərbaycan xalqıdır…

Yenə yazımın ilk cümləsinə qayıdıram. Biz adamları yola salmağı bacarmalıyıq. Bunun üçünsə hər şeydən əvvəl yola düşməyi bacarmaq lazımdır. İndiki halda nümunə Məmməd İsmayıldan gəldi…

Ölümün ifadəsi bir başdaşına sığacaq qədər sadə olmalıdır. Əsrik sularına qarış, şair!

Elbrus Ərud

Избранный
12
2
tribunainfo.az

3Источники