RU

Asif İbrahimov: "Kənd təsərrüfatında artım açıq şəkildə görünür”

“Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının istehsalı, satış həcmi və ixracında son dövrlərdə nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Xüsusilə əsas kənd təsərrüfatı məhsullarında bu artım açıq şəkildə görünür və ölkədə kənd təsərrüfatı sektorunun inkişafının göstəricisi kimi qiymətləndirilir. Aparılan siyasət kənd təsərrüfatı və sənaye sahələrində müəyyən inkişafı və beynəlxalq bazarlarda iştirak imkanlarını artırmağı nəzərdə tutur. Bu sahələrdə atılan addımlar artıq müəyyən nəticələr verməyə başlayıb və məhsul istehsalının artırılması, satış və ixrac imkanlarının genişləndirilməsi baxımından təsirləri görünür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 490,6 min ton meyvə-tərəvəz, ümumi dəyəri 506,4 milyon ABŞ dolları olmaqla ixrac edilib. “APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 32% və ya 122,5 milyon dollar, həcmi isə 33,1% və ya 122 min ton artıb. 2024-cü ilin yanvar-iyul aylarında ölkədən 368,6 min ton meyvə-tərəvəz, ümumi dəyəri 383,9 milyon ABŞ dolları olmaqla ixrac edilmişdi.

Ekspert qeyd edib ki, ixrac göstəriciləri məhsul növündən asılı olaraq dəyişir.

“Bəzi məhsulların ixrac həcmi azalsa da, digərlərində artım müşahidə olunur ki, bu da bazar tələbinə və məhsulun mövcudluğuna bağlıdır. Ümumi qiymət artımı həm məhsulların daxili qiymətlərindəki yüksəliş, həm də ixrac qiymətlərinin keçən ilin eyni dövrü ilə müqayisədə artması, eyni zamanda digər ölkələrin daxili bazarlarındakı inflyasiya halları ilə izah edilir. Bundan əlavə, kənd təsərrüfatı sahələrinin genişləndirilməsi və modernləşdirilməsi də bu artıma təsir göstərir. Yeni texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və təsərrüfatların səmərəliliyinin yüksəldilməsi nəticəsində həm daxili bazarda, həm də ixrac üçün daha çox məhsul təmin olunmuş olur”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Избранный
10
aznews.az

1Источники