Bu gün Azərbaycan Şahmat Federasiyasında yeniyetmələr arasında ölkə çempionatının qalib və mükafatçıları üçün növbəti ustad dərsi təşkil edilib. 

Offsideplus.az xəbər verir ki, tədbirdə 8,10,12,14,16 və 18 yaşlılar arasında Azərbaycan çempionatının qalib və mükafatçıları iştirak edib. Bu dəfə uşaqlar üçqat Avropa çempionu, uzun illər Azərbaycan millisinin şərəfini qoruyan Şəhriyar Məmmədyarovla görüşüb. 

Şahmata gəlişindən danışan Ş.Məmmədyarov müxtəlif partiyalar nümayiş etdirib, oyun zamanı çətin vəziyyətdən çıxmaq barədə məsləhətlər verib. 3 saatlıq ustad dərsində Məmmədyarov uşaqlara müxtəlif tapşırıqlar verib və onların hazırladığı cavab variantlarını yoxlayıb.

Qeyd edək ki, Ş.Məmmədyarov gənclər arasında ikiqat dünya çempionudu. O həmçinin dünya idmanı tarixində 2800 reytinq xalını toplayan 13 şahmatçıdan biridi.