RU

Şanlı tariximizin qəhrəman oğlu

Tariximizin ən şərəfli səhifəsi olan 44 günlük haqq savaşımızda  qanı bahasına   əsir Qarabağımızı azad edib  bizə  zəfər sevincini yaşadan minlərlə  Vətən qeyrətli oğlumuz  oldu. Cəlilabadın  Üçtəpə kəndində dünyaya göz açan Elməddin Vəlişov da onlardan birdir.  İndi adı hər bir Azərbaycanlının dilində qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvolu kimi səslənən Elməddin müharibə meydanında şəhid olanda  ömrünün 24-cü ilini yaşayırdı.  Fəqət,  Elməddinin həyat yolu qısa oldu, qaldı ki, yaşının çərçivəsinə sığmayan şücaəti gələcək nəsillər üçün də örnək olacaqdır. Layiq görüldüyü  "Vətən uğrunda", Cəbrayılın, Qubadlının azadlığına görə və "Cəsur döyüşçü" medalları zaman-zaman  sübut edəcək ki, həqiqətən Vətən sevgisi əzəldən Elməddinin ruhuna, canını, qanına ana südü ilə birgə hopub.

Köksündə həyat eşqi cağlayan, amalı qurub-yaratmaq olan, Vətəninin maraqlarını hər şeydən üstün tutan, işğal altında qalan Qarabağımızın acısını çəkən Elməddin Fuad oğlu Vəlişov  düşməndən qisas almaq məqsədilə orduya  yola düşüb. Vətən, torpaq sevgisi, özünə məxsus mənəvi dünyası onu tezliklə  əsgərlərin, zabitlərin yanında üzüağ edib. Bütün hərəkətlərində yalnız özünə hörmət qazandırıb və hamını Vətənə yararlı övlad olduğuna inandırıb.  Cəbhə bölgəsinin əsgəri olmaqla qürur duyan Elməddin burada snayper vəzifəsini yerinə yetirib.  Qatıldığı hərbi təlimlərdə fədakarlıq, mərdlik  göstərməklə erməni cəlladlarından qisas almaqdan ötrü məqam axtarıb.

Elməddin doğma Azərbaycana, dövlətinə ləyaqətlə, vicdanla  xidmət edib, 2016-ci ildə ordudan tərxis olunub.   Bir müddət ilahiyyatçı olaraq çalışıb. Digər gördüyü işlərdə də ürəyinin genişlıyi, ruhunun saflığı, insanlara olan məhəbbəti özünü göstərib. Özündən kiçiklərə də halal yaşamağı, sevgidə, dostluqda, vəfalı olmağı, milləti, Vətəni sevməyi tövsiyə edib.  Əməli saleh övlad olaraq Cəlilabad  rayonunda yaxşı əməllərlə  ad qoyub. Beləcə, Elməddin nə qədər xoş günlərə üz tutsa da, yağı düşmənin Azərbaycan torpaqlarına ədalətsiz təcavüzü, saysız-hesabsız şəhid ruhları onu rahat buraxmır.   Tovuz hadisələri  zamanında səfərbərlik xidmətinə müraciət edərək, döyüşlərə yollanmaq üçün adını könüllülər sırasına yazıb və məkrli düşmənlə sona qədər vuruşub qisasını  alacağına and içib. Vətənə  halal sevgisindən doğan arzusu bir qədər geciksə də, İkinci Qarabağ savaşı başlanan kimi snayper olaraq əlində silah düşmənə ilk zərbəni Füzulidə endirib və dığalara böyük itkilər verib.  Hər an Vətən, torpaq uğrunda  canını fəda etməyə hazır olan, döyüşdən-döyüşə bərkiyən igid əsgər Cəbrayılda gedən  odlu-alovlu müharibə meydanında xüsusi şücaət göstərib. Bu torpağa üçrəngli qələbə bayrağımızı sancanlardan  olub. Daha sonra   Xocavəndin  azadlığı uğrunda gedən savaşlarda  düşmənin kabusuna çevrilməklə onlarla canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Elməddinin son döyüş yolu isə Qubadlı istiqamətində olub. Vətən, torpaq  sevgisi Cəlilabad elinin qəhrəman oğlunu qələbəyə bir addım qalmış arzu etdiyi müqəddəs şəhidlik zirvəsinə yüksəldib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
24
ikisahil.az

1Источники