Azərbaycanda 3 medal satışa çıxarılıb.
“Paralel.az ” “Prosport.az”a istinadən xəbər verir ki, “Antik Hərrac” səhifəsində materialı latun və metaldan olan 3 ədəd – 94.73, 94.71 və 104.90 qramlıq medallar hərraca qoyulub.
Hərracın ilkin qiyməti kimi 10 manat müəyyən edilib. Dünən hərraca çıxarılan medalları almaq istəyənlər üçün bu gün saat 23:00-da vaxt başa çatır.
Məsələni araşdırmaq qərarına gəldik. Məlum oldu ki, bunlar Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi qızıl, gümüş və bürünc medallardır.
Bu medallardan biri 3-4 may, 2022-ci il tarixlərində bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinə aiddir. Gümüş medal 2022-ci ilin 27-29 mayında Şəkidə bədii gimnastika üzrə “28 May – Milli Müstəqillik Gününə həsr edilmiş dostluq yarışı”ndandır.
Ən maraqlısı isə 3-cü – bürünc medaldır. Çünki bu medal 24-26 may 2019-cu ildə Bakıda keçirilmiş aerobika üzrə XI Avropa çempionatının medalıdır. Bu medalın azərbaycanlılardan kimə aid olmasını araşdırmaq qərarına gəldik. Məlum oldu ki, həmin Avropa çempionatında Azərbaycanı “aerodans” proqramında təmsil edən Elçin Məmmədov, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli və Mədinə Mustafayeva qızıl medal qazanıb.
Həmin vaxt bürünc medal qazanan idmançı və ölkələr bunlar olub: Antonio Papazov (Bolqarıstan, kişilərdə fərdi), Darina Paşova (Bolqarıstan, qadınlarda fərdi), Rumıniya (qarışıq cütlər, trio və aerodans), Rusiya (qrup hərəkətləri), Macarıstan (komanda).
Göründüyü kimi, bu medal Bolqarıstan, Rumıniya, Rusiya və Macarıstan idmançılarından birinin olub. Ehtimal etmək olar ki, həmin idmançılardan biri qazandığı medalı burada unudub və ya kiməsə hədiyyə edib.
Yeri gəlmişkən, “Antik Hərrac” səhifəsində BP şirkətinin təşəbbüsü ilə Azərbaycan olimpiya çempionlarının şərəfinə buraxdığı açıqcalar da ilkin qiyməti 10 manatdan hərraca çıxarılıb. Bu açıqcalarda olimpiya çempionları – Nazim Hüseynov, Valeri Belenki, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, Şərif Şərifov və Toğrul Əsgərovun şəxsi imzaları var.
Qeyd edək ki, BP 2022-ci ildə Milli Olimpiya Komitəsinin rəsmi tərəfdaşı kimi bu açıqcaları 30 illik yubiley münasibəti ilə buraxıb.