RU

Əmək bazarının ritminə uyğun təşəbbüs -Peşə hazırlıq kursları

Məzunların 70 faizdən çoxunun işlə təmin olunması bu proqramların effektivliyinin bariz göstəricisidir

Peşə hazırlığı kursları əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasında mühüm rol oynayır. Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən bu kurslar vətəndaşların məşğulluğunun təmin edilməsi, işsizliyin azaldılması və iqtisadi fəallığın artırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu sahənin inkişafı və gələcək perspektivləri barədə Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov “İki sahil” qəzetinə müsahibə verib.

-Namiq müəllim, Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən peşə hazırlığı kurslarının əsas məqsədi nədir?

-Əvvəla onu qeyd edim ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan peşə hazırlığı kursları ölkədə işsizliyin azaldılması, vətəndaşların əmək bazarına inteqrasiyası və iqtisadi fəallığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan peşə hazırlığı – işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq kadr kimi formalaşmasına dəstək göstərən aktiv məşğulluq tədbirlərindən biridir. Bu kursların əsas məqsədi işaxtaran və işsiz şəxslərin əmək bazarının dəyişən tələblərinə uyğun peşə və bacarıqlarla təmin olunmasını, onların rəqabətqabiliyyətliliyinin və məşğulluq imkanlarının artırılmasını təmin etməkdir.

Peşə kurslarının təşkil olunmasında bir sıra hədəflər var. Birincisi, kurs iştirakçılarına yeni peşə və bacarıqların aşılanması, onlara əmək bazarında tələbat olan peşələr üzrə nəzəri və praktiki biliklərin verilməsi. İkincisi, rəqabətqabiliyyətliliyin artırılması, o cümlədən, şəxsin mövcud ixtisası üzrə bacarıqlarının təkmilləşdirilməsi və ya yeni ixtisas əldə etməklə işəgötürənlərin tələblərinə cavab verilməsinə şərait yaradılması. Üçüncüsü, gənclər və sosial cəhətdən həssas qruplardan olan şəxslərin əmək bazarına daxil edilməsi. Dördüncüsü, regionlarda peşəkar kadr potensialının formalaşdırılmasına töhfə verməklə iqtisadi aktivliyin artırılması.

Peşə hazırlığı kurslarını həm də dövlətin insan kapitalına yönəlmiş investisiyası kimi dəyərləndirmək olar. Qazanılan bilik və bacarıqlar iştirakçılara uzunmüddətli dövrdə əmək bazarında daha stabil mövqe tutmağa, hətta özəl sektor və sahibkarlıq sahəsində də fəaliyyətə başlamağa imkan verir. Bunu nəzərə alaraq, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən peşə kurslarının siyahısına yeni ixtisaslar daxil edilir, mövcud tədris proqramları yenilənir. Sosial tərəfdaşlarla əməkdaşlıq da bu prosesdə mühüm rol oynayır. Özəl sektor, işəgötürənlər, universitetlər və təlim müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində yeni peşələr üzrə praktiki bacarıqların inkişaf etdirilməsi üçün birgə proqramlar hazırlanır.

-Bu kurslar hansı ixtisas və sahələri əhatə edir?

-Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən peşə hazırlığı kurslarının siyahısı ölkə iqtisadiyyatının inkişaf prioritetləri və əmək bazarının aktual tələbləri nəzərə alınmaqla formalaşdırılır. Kurslar müasir bilik və bacarıqlara yiyələnmək istəyən vətəndaşlara geniş peşə spektri üzrə seçim imkanı yaradır. Hazırda 175 peşə və ixtisas üzrə təlimlər həyata keçirilir. Əsas istiqamət və ixtisasları belə sıralaya bilərəm: informasiya texnologiyaları və rəqəmsal bacarıqlar, sənaye və texniki peşələr, tikinti-inşaat, xidmət və iaşə sektoru, kənd təsərrüfatı, media və kommunikasiya. Xüsusilə qeyd etmək istəyirəm ki, bu ixtisas siyahısı hər il əmək bazarının dinamikası, regional tələbat və sahəvi proqnozlara əsasən yenilənir.

-Kurslarda iştirak üçün vətəndaşlardan nə tələb olunur?

-Peşə hazırlığı kursları Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzlərinin göndərişi əsasında həyata keçirilir. Peşə hazırlığına cəlb olunaraq müvafiq kurslarda iştirak etmək istəyən vətəndaşlar yaşadıqları ərazi üzrə regional məşğulluq filiallarına və ya “DOST” mərkəzlərinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilirlər. Karyera məsləhətçiləri tərəfindən vətəndaşların məşğulluq imkanları qiymətləndirilərək onlar üçün fərdi məşğulluq proqramı tərtib edilir və fərdi məşğulluq proqramında peşə hazırlığı uyğun tədbir kimi müəyyən olunan şəxslərlə kurslara cəlb olunmaları üzrə iş aparılır. Vətəndaşlar növbəli qaydada işəgötürənlərlə müsahibələrə cəlb edilirlər və daha sonra qruplar formalaşdırılaraq tədrisə başlanır. Peşə hazırlığı kursunu uğurla bitirən müdavimlərin işlə təmin olunmasına dəstək göstərilir.

Peşə hazırlığının təşkili zamanı 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar və şəhid ailəsinin üzvlərinə üstünlük verilir. O ki qaldı şəxsin peşə hazırlığı kursuna hansı hallarda cəlbinə, deməli, işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda, eləcə də əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə, həmin peşə (ixtisas) üzrə iş tapmaq mümkün olmadıqda və ya həmin peşə (ixtisas) üzrə bacarıqların artırılması zərurəti olduqda həmin şəxslər peşə hazırlığına cəlb edilirlər.

-Namiq müəllim, kursları bitirən şəxslərin işlə təmin olunma səviyyəsi barədə hansı statistika mövcuddur?

-Cari ilin 7 ayında 8,4 min nəfər peşə hazırlığına cəlb olunub. Bu dövrdə kursları 4917 nəfər uğurla bitirib və onlardan da 3502 nəfəri işlə təmin edilib. Bu isə o deməkdir ki, peşə hazırlığı kurslarını bitirmiş şəxslərin 71 faizdən çoxu işlə təmin olunub. Hazırda kursu başa vurmuş digər müdavimlərin də işlə təmin olunmaları istiqamətində tədbirlər görülür.

-Peşə hazırlığı kursları regionlarda hansı səviyyədə əlçatan və təsirlidir?

-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı infrastrukturunun genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirir. Xüsusilə regionlarda bu sahədə əlçatanlığın artırılması və kursların əhatə dairəsinin genişləndirilməsi prioritet məsələlərdəndir. Hazırda Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı, Gəncə, Göyçay və Qarabağ peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir və minlərlə işsiz və işaxtaran vətəndaşın peşə hazırlığını təmin edir. Bundan əlavə, Quba şəhərində Regional Peşə Hazırlığı Mərkəzinin inşası, Masallı, Sabirabad və Şəki şəhərlərində isə regional peşə hazırlığı mərkəzlərinin tikilməsi üçün layihələndirmə işləri aparılır. Qeyd edilən mərkəzlərdə tədris prosesinin keyfiyyətini yüksəltmək məqsədilə sinif otaqları, instruksiya zalları ilə yanaşı, emalatxanalar da fəaliyyət göstərəcək, beləliklə, həm nəzəri, həm də praktik biliklərin öyrənilməsi yüksək səviyyədə təmin olunacaq. Bundan başqa, mərkəzlər peşə tədrisi üçün müasir və keyfiyyətli avadanlıqlarla tam təchiz ediləcək, bu isə təlim alanların bacarıqlarının real iş şəraitinə uyğun inkişafını mümkün edəcək. Nəticədə, bu tədbirlər regionlarda peşə hazırlığının əlçatanlığını artırmaqla yanaşı, işsizliyin azaldılması və iqtisadi inkişafın dəstəklənməsi istiqamətində mühüm rol oynayır.

-Kursların müddəti, təlim metodu və tədris proqramları necə müəyyən olunur?

-Peşə hazırlığı kurslarının müddəti, təlim metodu və tədris proqramları Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Qaydalara əsasən müəyyən edilir. Peşə hazırlığı kurslarının tədris müddəti ümumilikdə 6 aya qədərdir.  Bu müddət kursların mövzusu, ixtisasın mürəkkəbliyi və əmək bazarının tələbləri nəzərə alınmaqla tənzimlənir. Peşə hazırlığı həm nəzəri, həm də praktik hissələrdən ibarətdir. Nəzəri hissə əyani və ya distant (məsafədən) təhsil formalarında həyata keçirilə bilər. Təlim modulları əmək bazarının tələblərinə uyğun olaraq təşkil edilir. Yəni peşə fəaliyyətinin ümumi əsasları, ixtisas sahələri və innovasiyalar üzrə təlimlər əsas istiqamətlər kimi götürülür. Praktiki təlimlər yarımqruplar şəklində təşkil olunur və müdavimlər müvafiq təlim-istehsalat, o cümlədən, işəgötürənlərin istehsalat bazalarında bilik və bacarıqlarını inkişaf etdirirlər.  Tədris proqramlarının məzmunu əmək bazarının aktual ehtiyaclarına və işəgötürənlərin tələblərinə əsaslanaraq hazırlanır. Bu proqramlar həm nəzəri biliklərin, həm də praktik bacarıqların inkişafına yönəldilir.

-Müasir əmək bazarının tələbləri kursların məzmununa necə inteqrasiya olunur?

-Peşə hazırlığı kurslarının məzmununun müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması Dövlət Məşğulluq Agentliyinin prioritet istiqamətlərindəndir. Bunun üçün, əvvəla, əmək bazarının təhlili və proqnozlaşdırılması aparılır. Yəni Agentlik mütəmadi olaraq əmək bazarının cari vəziyyətini, tələb olunan peşələri və ixtisasları təhlil edir, həmçinin gələcək illər üçün proqnozlar hazırlayır. Bu məlumatlar əsasında kursların proqramları və ixtisas seçimləri yenilənir və adaptasiya olunur. İkincisi, işəgötürənlərlə sıx əməkdaşlıq qurulur. Bu əməkdaşlıq çərçivəsində peşə hazırlığı proqramlarının hazırlanmasında və təkmilləşdirilməsində işəgötürənlər aktiv iştirak edirlər. Onların rəy və tələbləri nəzərə alınaraq kursların məzmunu real iş şəraitinə uyğunlaşdırılır, müdavimlər üçün praktik bacarıqlar ön plana çıxarılır. Üçüncüsü, innovasiya və texnologiyaların tətbiqi həyata keçirilir. Belə ki, müasir peşələrdə tələb olunan yeni texnologiyalar və innovativ biliklər təlim proqramlarına daxil edilir. Məsələn, rəqəmsal bacarıqlar, süni intellekt, kibertəhlükəsizlik və digər aktual sahələr üzrə təlim modulları hazırlanır. Dördüncüsü, təlim metodları mütəmadi şəkildə yenilənir, əmək bazarının sürətlə dəyişən tələblərinə cavab vermək üçün təlim metodları müasir standartlara uyğunlaşdırılır. Əyani və distant təhsil formaları, praktiki məşğələlər və real iş şəraitinə yaxınlaşdırılmış təlimlər tətbiq edilir. Beşincisi, keyfiyyətin davamlı monitorinqi həyata keçirilir. Kursların effektivliyi, məzunların əmək bazarına inteqrasiyası və işəgötürənlərin razılığı daimi olaraq qiymətləndirilir. Bütün bu sadaladığım göstəricilər əsasında proqramlar təkmilləşdirilir.

-Namiq müəllim, bu proqramların gənclərin karyera seçiminə və inkişafına təsiri necə qiymətləndirilir?

-Peşə hazırlığı proqramlarının gənclərin karyera seçimi və peşə inkişafında rolu dövlət səviyyəsində yüksək qiymətləndirilir və bu istiqamətdə davamlı monitorinq və təhlillər aparılır. Belə ki, proqramlar gənclərə əmək bazarının tələbləri, mövcud peşə imkanları və perspektivləri barədə ətraflı məlumat verir. Bu onların düzgün və məlumatlı karyera seçimi etməsinə kömək edir. Gənclər kurslar vasitəsilə həm nəzəri, həm də praktik bilik və bacarıqlar əldə edir, bu da onların əmək bazarında rəqabətqabiliyyətini artırır və karyera yüksəlişi üçün zəmin yaradır. Proqramlarda iştirak edən gənclər üçün məşğulluq dəstəyi təşkil olunur. Bu onların işlə təmin olunmaları və peşəkar inkişafı prosesini asanlaşdırır. Kurslar bitdikdən sonra gənclərin işlə təmin olunma səviyyəsi onların karyera inkişafının əyani göstəricisidir. Statistik məlumatlar göstərir ki, peşə hazırlığı kursları gənclərin əmək bazarında uğur qazanmasında əhəmiyyətli rol oynayır.

-İşsizliyin azaldılmasında peşə hazırlığı kurslarının hansı müsbət təsirləri müşahidə olunur?

-Əlbəttə, peşə hazırlığı kursları işsizliyin azaldılması istiqamətində mühüm sosial və iqtisadi təsirə malikdir. Nəticələrlə bağlı qeyd edə bilərəm ki, peşə hazırlığına cəlb olunan şəxslər yeni bilik və bacarıqlar qazanaraq əmək bazarında tələb olunan ixtisaslara yiyələnirlər. Bu isə onların iş tapmaq imkanlarını artırır. Kursları müvəffəqiyyətlə bitirən şəxslərin böyük əksəriyyəti uyğun işlə təmin olunur. Bu isə işsizliyin azaldılmasına birbaşa təsir edir. Bu aktiv məşğulluq tədbiri vasitəsilə yeni peşələrə yiyələnən şəxslər işə başlayaraq iqtisadi dövriyyəyə daxil olur, öz ailələrinin sosial rifahını yaxşılaşdırır və ümumilikdə ölkə iqtisadiyyatına töhfə verirlər. Regionlarda peşə hazırlığı mərkəzlərinin yaradılması və kursların əlçatanlığının artırılması yerli əmək bazarının canlanmasına səbəb olur, bölgələrdə işsizlik səviyyəsinin aşağı salınmasına kömək edir.Bundan başqa, peşə hazırlığı kursları gənclərin sosial inteqrasiyasını gücləndirir, onları cəmiyyətdə daha fəal iştirak etməyə təşviq edir. Son olaraq isə kursların məzunları işəgötürənlərin real tələblərinə cavab verir, işəgötürənlər və əmək bazarı arasında əlaqələr möhkəmlənir.

-Gələcəkdə bu kursların genişləndirilməsi və daha çox sahəni əhatə etməsi üçün hansı addımlar nəzərdə tutulur?

-Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı kurslarının daha geniş və müasir tələblərə cavab verən sahələri əhatə etməsi istiqamətində sistemli işlər həyata keçirir. Bu məqsədlə atılan əsas addımları qeyd edə bilərik. 2025-ci ilin mart ayında əmək bazarının təhlili aparılıb, beynəlxalq standartlar və qabaqcıl təcrübələr öyrənilib. Bu işlərin nəticəsi olaraq 20 yeni peşə və ixtisas üzrə təkliflər hazırlanıb. Bu yenilənmə peşə hazırlığı proqramlarının daha müasir və əmək bazarının real ehtiyaclarına uyğun olmasını təmin edəcək. Yeni peşələrə uyğun təlim bazalarının yaradılması və mövcud mərkəzlərin müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir. Müasir texnologiyaların tətbiqi və əmək bazarının dəyişən tələblərinə uyğun olaraq tədris proqramları daim yenilənir. Yeni sahələr üzrə işəgötürənlərlə sıx əməkdaşlıq qurularaq, kadr hazırlığının keyfiyyəti və onların işlə təmin olunması daha da yaxşılaşdırılacaq. Son olaraq isə yeni peşələrin regionlarda da tədris edilməsi üçün regional peşə hazırlığı mərkəzlərinin şəbəkəsi genişləndirilir.

-Kursların effektivliyinin artırılması və iştirakçıların motivasiyasının yüksəldilməsi üçün hansı addımların atılması planlaşdırılır?

-Peşə hazırlığı kurslarının effektivliyinin artırılması və iştirakçıların motivasiyasının yüksəldilməsi məqsədilə də Agentlik tərəfindən müəyyən tədbirlər və təşəbbüslər həyata keçirilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu və “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na əsasən, peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil müddətində minimum aylıq əməkhaqqının 50% məbləğində təqaüd ödənilir. Bu maddi dəstək müdavimlərin kurslara davamiyyətini və motivasiyasını artırır. Kursu uğurla bitirən şəxslərin məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə əməkdaşlıq gücləndirilir. Peşə hazırlığına cəlb olunan şəxslərin işə yerləşdirilməsi üzrə konkret proqramlar icra edilir ki, bu da onların motivasiyasını yüksəldir və kursun real faydasını artırır. Təlim proqramlarının və metodlarının müasir standartlara uyğun təkmilləşdirilməsi, təlimçi heyətinin peşəkarlığının artırılması da kursların effektivliyini artıran amillərdəndir. Kursların gedişi və nəticələri daimi olaraq monitorinq edilir, iştirakçıların rəy və təklifləri nəzərə alınaraq təkmilləşdirmələr aparılır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
39
ikisahil.az

1Источники