Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Uşaqlar Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin ediləcəklər.
Onlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq. Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.
Uşaqlar üçün Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarixi-memarlıq abidələrinə ekskursiyalar da təşkil olunacaq.
Bundan əvvəlki 8 qrupla birlikdə ümumilikdə 300-ə yaxın ukraynalı uşaq Azərbaycan gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.