BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Həftədə beş gün işləyin, həftəsonundan zövq alın - amma bazar ertəsi əhvalınızın yaxşı olmayacağına hazır olun. Bəs bundan qaçmaq olarmı?
Bu cür mövzuda aparılmış ən böyük tədqiqatlardan biri Nature Human Behaviour jurnalında dərc olunub.
Məqalədə göstərilib ki, iş həftəsinin dörd günə endirilməsi işçilərin sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Boston Kollecinin tədqiqatçıları ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, İrlandiya və Yeni Zelandiyadakı 141 şirkətdə dörd əsas göstəricini izləyiblər - tükənmişlik, işdən məmnunluq, fiziki və psixoloji sağlamlıq.
"Biz işçilərin sağlamlığında əhəmiyyətli yaxşılaşma müşahidə etdik, - tədqiqatın aparıcı müəllifi Ven Fan BBC-yə müsahibəsində deyir, - şirkətlər də məhsuldarlığın və gəlirlərin artdığını bildirdilər. İndi, sınaq müddəti başa çatdıqdan sonra, iştirakçıların 90 faizi dörd günlük iş həftəsini davam etdirməyə qərar verib".
Yaxınlarda başqa bir araşdırma göstərdi ki, uzun iş günü beynin strukturunu dəyişə bilər.
Amma əgər sağlamlığa faydası bu qədər aydındırsa, niyə biz hələ də həftədə dörd gün işləmirik?
Artıq işləmək mədəniyyəti
Çin özünün «996» iş mədəniyyəti ilə məşhurdur - işçilər səhər 9-dan axşam 9-a qədər, həftənin 6 günü işləyirlər.
Hindistanda isə texnologiya və maliyyə sahələrinin sürətlə inkişaf etdiyi bir mühitdə, işçilər qlobal tələbi qarşılamaq üçün tez-tez çox işləməyə və qeyri-iş vaxtlarında da çalışmağa məcbur qalırlar.
"Çin, Hindistan, ABŞ və Böyük Britaniya kimi ölkələrdə uzun iş günü qürur mənbəyi hesab olunur", - professor Fan deyir.
Yaponiyada ödənişsiz əlavə iş o qədər geniş yayılıb ki, yapon dilində hətta "işdən çox işləyib ölmək" üçün xüsusi söz var: "karosi".
"Yaponiyada iş, sadəcə iş deyil, demək olar ki, sosial ritualdır", - əmək bazarı və iş mədəniyyəti üzrə ekspert Hiroshi Ono deyir, - insanlar tez gəlir və işləri olmasa da, gec gedirlər, sadəcə öz sadiqliklərini göstərmək üçün... Bu, bir növ tamaşadır. Necə ki döyüş sənətlərində müəyyən qaydalar var, işdə də belədir".
O izah edir ki, bu yanaşma Yaponiyanın kollektivist mədəniyyəti ilə dəstəklənir: "Yaponiyada "bilet almayıb sərnişinlik edənləri" xoşlamırlar. Əgər bir nəfər cümə günü istirahət götürsə, başqaları düşünür: o niyə indi işdən qaça bilir?"
Bir çoxlarına təəccüblü gələ bilər ki, hətta qanuni güzəştlər, məsələn, uşağa qulluq məzuniyyəti belə, yaponlar tərəfindən tez-tez istifadə olunmur.
"Kişilər bir ilə qədər məzuniyyət götürə bilərlər, amma çox az adam bunu edir -həmkarlarına narahatlıq yaratmaq istəmirlər", - Ono deyir.
Bununla belə, professor Ven Fan hesab edir ki, alimlərin apardığı bu cür sınaqlar işə münasibəti, hətta artıq çox işləmək ənənəsinin güclü olduğu yerlərdə belə, dəyişməyə başlayır.
İslandiyada indi insanların, demək olar ki, 90 faizi qısaldılmış qrafiklə işləyir və ya iş həftəsini qısaltmaq hüququna malikdir.
Bənzər sınaqlar bir çox ölkələrdə keçirilib və ya keçirilməkdədir, - o cümlədən Cənubi Afrika, Braziliya, Fransa, İspaniya, Dominikan Respublikası və Botsvanada.
Bu ilin əvvəlində Tokioda dövlət qulluqçuları üçün dörd günlük iş həftəsi pilot layihəsi başlandı.
Dubay da yaxınlarda dövlət qulluqçuları üçün oxşar təşəbbüsü həyata keçirib.
2025-ci ilin oktyabrından etibarən 67 Cənubi Koreya şirkəti həftədə 4 gün yarımlıq iş eksperimentinə başlayacaq.
İş həyata uyğun gəlmir
'Pandemiyadan sonra getdikcə daha çox insan hiss edir ki, işləri ilə şəxsi həyatı arasında sinxronluq yoxdur. Və bu tendensiyanı geri çevirmək mümkün deyil", - 4 Day Week Global şirkətinin baş direktoru Karen Lou deyir.
Onun təşkilatı dünyada Braziliyadan Namibiyaya, Almaniyaya qədər şirkətlərə dörd günlük iş həftəsini sınamaqda kömək edir.
Ən uğurlu layihələrdən biri - ABŞ-ın Colorado ştatındakı Golden şəhərinin polis idarəsi olub, burada 250 nəfər çalışır. Dörd günlük iş həftəsi tətbiq olunduqdan sonra əlavə iş xərcləri demək olar ki, 80 faiz, işdən çıxmalar isə iki dəfə azalıb.
"2019-cu ildə biz ilk eksperimentə başlayanda, maraqlanan şirkətlərin sayı çox az idi. İndi isə onların sayı minlərlədir", - Karen Lou deyir.
Ən böyük miflərdən biri: məhsuldarlıq azalacaq
Onun sözlərinə görə, ən çox yayılan yanlış təsəvvür odur ki, daha qısa iş həftəsi məhsuldarlığın aşağı düşməsi deməkdir. Amma əksər hallarda tam əksi baş verir.
2019-cu ildə Microsoft Japan dörd günlük iş həftəsini sınaqdan keçirib və bir işçiyə düşən satışların əvvəlki illə müqayisədə 40 faiz artdığını qeyd edib. Lakin şirkət bu sınağı daimi tətbiq etmədi.
Lou deyir ki, böyük şirkətlərdə çətinliklər var, çünki onların müxtəlif şöbələri var və onlar müxtəlif ölkə və saat qurşaqlarında fəaliyyət göstərirlər.
BƏƏ dövlət müəssisələrini Qərb qrafikinə uyğunlaşdırdı və iş həftəsini yarım gün qısaltdı.
Professor Fan-ın araşdırmasına görə isə məhsuldarlıq azalmayıb, çünki şirkətlər xüsusi əhəmiyyət daşımayan işlərin həcmini azaldıblar. Lazımsız iclaslar telefon zəngləri və ya mesajlarla əvəz olunub.
Başqa bir yanlış təsəvvür isə budur ki, işçilər əlavə istirahət gününü kompensasiya etmək üçün daha çox işləməli olacaqlar.
"Əsas məsələ beş günü dörd günə sığışdırmaq deyil, itkiləri azaltmaqdır", - o deyir, indi isə bir çox tapşırıqlar süni intellektlə avtomatlaşdırıldığı üçün, bu qeyri-səmərəli işləri müəyyənləşdirmək daha asandır».
Sağlamlığı yaxşılaşdırmaq üçün təsirli bir tədbir
Stellenbosch Universitetinin məsləhət mərkəzinin direktoru Charl Davids üçün dörd günlük iş həftəsi, sadəcə iş qrafikini dəyişməyib - bu, həm də onun işində dönüş yaradıb.
Onun komandası 30 000-dən çox tələbəyə psixoloji dəstək göstərir. Onun sözlərinə görə, dəyişiklikdən əvvəl işçilər tükənmə həddində idilər.
"Qeyri-iştirak səviyyəsi yüksək idi. İnsanlar daim zəng edib xəstə olduqlarını deyirdilər - tənbəllikdən deyil, sadəcə, onlar özlərini tükənmiş hiss edirdilər", - o deyir.
Cənubi Afrika dünyada ən yüksək psixi gərginlik səviyyəsinə sahib ölkələrdəndir.
Charlın 56 nəfərlik komandası mütəmadi olaraq travmatik vəziyyətlərlə, çoxlu işlə və resurs çatışmazlığı ilə qarşılaşırdı. Bu, işçiləri ciddi şəkildə yorurdu.
O, rəhbərliyin müqavimətinə və komandasının şübhələrinə baxmayaraq, dörd günlük iş həftəsini tətbiq etməyə qərar verdi.
"Onlar bunun heç vaxt işləməyəcəyini düşündülər. Amma işlədı və nəticələr fenomenal oldu", - o deyir
Eksperimentdən əvvəlki bir ildə komanda 51 xəstəlik məzuniyyəti qeydə almışdı. Dörd günlük iş həftəsi eksperimentinin keçirildiyi altı ayda isə bu rəqəm cəmi dörd oldu.
İşçilər yuxunun yaxşılaşdığını, fiziki aktivliyin artdığını və hobbilərinə vaxt ayıra bildiklərini bildirirdilər.
"Onlar həftəsonunu ailələri ilə keçirirdilər, yorucu ev işləri ilə yox, - Charl deyir, - Mən elə bilirdim ki, əksəriyyəti yaranmış əlavə vaxtı özəl praktika və qazanc üçün istifadə edəcək, amma bunu yalnız bir nəfər etdi"
Charl hesab edir ki, işçilərinin yaxşılaşan sağlamlığı onların işinə də müsbət təsir etdi:
"Onlar daha diqqətli, daha həssas oldular. Bu, tələbələrə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına da əks olundu".
Universal həll yoxdur
Bununla belə, belə dəyişiklikləri hər yerdə tətbiq etmək mümkün deyil.
"Ölkənin sənaye strukturu və inkişaf mərhələsi mühüm rol oynayır", — professor Ven Fan deyir.
"Afrikada bir çox işçilər kənd təsərrüfatı, mədən sənayesi və ya qeyri-rəsmi sektorda çalışırlar", - Karen Lo deyir.
Onun sözlərinə görə, aşağı ixtisaslı fiziki əmək sahələrində iş qrafikini yenidən qurmaq daha çətindir və bu sektorlardakı işəgötürənlər çox vaxt qrafiki dəyişməkdənsə, sadəcə, mənfəəti artırmağa çalışırlar.
Amma müəyyən uğurlar var.
Professor Fan-ın tədqiqatına tikinti, istehsal və qonaqpərvərlik sahələrindəki şirkətlər də daxil idi və bəziləri müsbət nəticələr barədə məlumat verib.
"Bu, müxtəlif sektorlarda işləyə bilər, amma mən dörd günlük iş həftəsini universal həll kimi təqdim etmək istəməzdim, - o deyir, - bu, universal bir həll deyil".
Dəyişiklikləri kim irəli aparacaq? — Gənclik
Mütəxəssislər razılaşırlar ki, bu dəyişikliklərin əsas hərəkətverici qüvvəsi gənclərdən gələcək.
2025-ci ildə keçirilən qlobal sorğu göstərib ki, tarixdə ilk dəfə olaraq, iş və şəxsi həyat balansı əmək haqqını prioritetlər siyahısında üstələyib.
Cənubi Koreyada bir çox gənc işçi daha qısa iş həftəsi müqabilində maaşın azaldılmasına razı olacaqlarını deyirlər.
"Biz gənc nəsil arasında artan müqaviməti müşahidə edirik, - professor Fan deyir, - onların işin məqsədləri və həyatdan nə istədikləri barədə tamamilə fərqli təsəvvürləri var".
O qeyd edir ki, «Böyük istefa» (pandemiyadan sonra kütləvi istefalar), «sakit istefa» (yalnız zəruri iş öhdəliklərini yerinə yetirmək) və Çindəki «oturma etirazı» (artıq işləmək mədəniyyətindən imtina) fenomenlər gənclərin narazılıqlarını ifadə etmək və tükənmişlik sindromundan imtina etmək yolları tapdıqlarını göstərir.
Zaman keçdikcə bu dəyişikliklər iş yerində davranış normalarını dəyişə bilər.
Yaponiyada Hiroshi Ono artıq bəzi dəyişiklikləri müşahidə edir.
"İndi yapon kişilərinin 30 faizi uşağa qulluq məzuniyyəti götürür, halbuki əvvəllər bu, demək olar ki, qeyri-mümkün idi", - o deyir, - "Bu göstərir ki, insanlar rifahlarına daha çox diqqət yetirməyə başlayıblar".
Karen Lou da razıdır: "İlk dəfədir ki, işçilər həqiqətən öz haqları uğrunda mübarizə aparmağa başlayıblar. Və insan nə qədər gəncdirsə, bir o qədər də dəyişiklik tələb edir".
O hesab edir ki, bu hərəkат sürətlənir: "Kovid birinci dönüş nöqtəsi oldu. Mən ümid edirəm ki, növbətisi dörd günlük iş həftəsi olacaq".