Təhsil Tələbə Krediti Fondundan yeni qərarlar tələbələrin təhsil imkanlarını genişləndirir.
Bu barədə Operativ Media-ya TTKF-dan məlumat verilib.
Bildirilib ki, Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən Himayəçilik Şurasının avqust ayında keçirilmiş iclasında orta ixtisas və ali təhsil pillələrinə yeni qəbul olmuş tələblərə dair mühüm qərarlar qəbul edilib.
"Məlumdur ki, orta ixtisas təhsili müəssisələrində standart növ təhsil tələbə kreditindən yararlanmaq üçün subbakalavriat səviyyəsində abituriyentin topladığı balın minimum həddi 110-dur.
Qərara əsasən, orta ixtisas təhsilinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə birinci tədris ilinin ilk semestrində tələbələrin qəbul imtahanında toplamalı olduqları minimal bal həddi 40 bal olaraq müəyyən edilib.
Qeyd edək ki, bu minimal bal tələbi yalnız standart növ təhsil tələbə kreditindən yararlanmaq istəyənlərə şamil olunur. Sosial növ təhsil tələbə kreditində isə belə bir bal limiti mövcud deyil.
Digər vacib yenilik Sxolastik Qiymətləndirmə Testi (Scholastic Aptitude/Assessment Test - SAT) imtahanı nəticələri ilə ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə bağlıdır. Belə ki, bu tələbələrə də birinci tədris ilinin ilk semestrində standart tələbə krediti almaq imkanı yaradılıb. SAT imtahanı üzrə minimal bal həddi 1200 bal olaraq təsdiqlənib
Qəbul edilən qərarlar tələbələrin təhsil imkanlarının genişləndirilməsi, sosial bərabərliyin təmin olunması və daha çox gəncin təhsilə cəlb olunması baxımından çox əhəmiyyətlidir",- deyə məlumatda qeyd edilib.