Vulkanoloqlar Axial Seamount vulkanının fəaliyyətini diqqətlə izləyirlər. O, Sakit okeanın şimal-şərq hissəsində, təxminən 1,5 kilometr dərinlikdə yerləşir və 2025-ci ildə püskürə biləcəyinə dair əlamətlər mövcuddur. Bildirilir ki, püskürmə insan həyatı üçün təhlükə yaratmasa da, tədqiqatçılara quruda vulkanların necə işlədiyini daha yaxşı anlamaqda kömək edəcək. İyun ayında vulkanın yerləşdiyi ərazidə bir gün ərzində 2000-dən çox zəlzələ baş verib ki, bu da mümkün püskürmənin əlamətidir.
Paralel.az xəbər verir ki, bu barədə "Axios” yazır.
Lakin tədqiqatçıların qeyd etdiyinə görə, az sonra onların sayı təxminən yüzə enib. İyul ayında isə Kamçatka sahillərində baş verən 8,8 maqnitudalı zəlzələ nəticəsində yaranan sunami "püskürmənin başlanğıcı barədə xəbərdarlıq üçün yaradılmış avtomatik siqnal sistemlərini işə salıb", — baxmayaraq ki, əslində püskürmə baş verməyib.
Gözlənilən püskürmə insanlar və əmlak üçün təhlükə yaratmır və sunamiyə səbəb olmayacaq. "Son 20 ildə müşahidə etdiyimiz miqyasda püskürmələr zamanı… əgər siz birbaşa onun üzərində qayıqda olsaydınız, bunu heç hiss etməzdiniz”, — deyə alimlərdən biri bildirib.
Axial Seamount vulkanı Sakit okeanın şimal-şərq hissəsində "ən aktiv sualtı vulkan” adlanır. O, əvvəllər 1998, 2011 və 2015-ci illərdə püskürüb.(Qaynarinfo)