Avqustun 21 və 22-si Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
AzEdu.az xəbər verir ki, müsahibə mərhələsində ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müsabiqənin test mərhələsində uğur qazanan 152 namizəddən 139-u iştirak edib.
Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılıb. Şəffaflığın təmin olunması üçün müsahibə mərhələsində namizədlərin videoçəkilişi aparılıb, səs yazısı qeydə alınıb.
Müsabiqənin nəticələri ilə bağlı məlumatlar yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə göndəriləcək və uğur qazanan namizədlər Naxçıvanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.