RU

Aİ-də əcnəbilərin ölkəyə giriş-çıxışına nəzarət etmək üçün yeni sistem işə salınır

Budapeşt, 23 avqust, AZƏRTAC

Avropa Komissiyası yeni Giriş/Çıxış Sisteminin (Entry/Exit System, EES) işə salınmasını 12 oktyabr 2025-ci il tarixinə təyin edib.

AZƏRTAC xəbər verir ki, icra altı ay ərzində mərhələli şəkildə həyata keçiriləcək və 2026-cı il aprelin 10-dək başa çatdırılacaqdır.

Sistem 29 ölkəni - Kipr və İrlandiya istisna olmaqla, bütün Aİ dövlətlərini, həmçinin İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəni əhatə edəcək. O, qısamüddətli səfərlər edən Aİ üzvü olmayan ölkələrin vətəndaşlarının giriş və çıxışları haqqında məlumatların avtomatik qeyd edilməsi üçün nəzərdə tutulub.

EES pasportlarda əl ilə möhürlənməni əvəz edəcək. Sərhədi ilk dəfə keçərkən səyahətçilərdən pasport məlumatları, giriş və çıxış tarixi və yeri, həmçinin biometrik məlumat - barmaq izləri və üz fotoları toplanacaq.

Yeniliyin məqsədi sərhəd nəzarətini sürətləndirmək, növbələri azaltmaq və təhlükəsizliyi artırmaqdır. Sistem ölkədə qalma müddətlərinə riayət olunmasına nəzarət etməyə, qaydaları pozanları müəyyən etməyə, sənəd saxtakarlığının qarşısını almağa, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə etməyə kömək edəcək.

Tam icra olunana qədər bir sıra nəzarət-buraxılış məntəqələrdə pasportlarda ənənəvi möhürlərdən istifadə etməyi davam etdirəcəklər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Избранный
16
4
azertag.az

5Источники