RU

Finlandiya yeni özüyeriyən minaatan sistemini təqdim edib

Danimarkanın Ballerup şəhərində keçirilən DALO Sənaye Günlərində Finlandiyanın “Sisu” şirkəti yeni özüyeriyən minaatan sistemini təqdim edib.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, yeni sistem “Sisu”nun GTP 4×4 çoxməqsədli zirehli maşınına “Patria” şirkətinin 120 mm-lik TREMOS minaatan sistemini inteqrasiya etməklə hazırlanıb.

TREMOS, (Traditional Reborn Mortar System) ənənəvi minaatanların mobilliyini və döyüşdə sağ qalma qabiliyyətini artırmaq üçün hazırlanmış modul bir həlldir. Sistem 120 mm və ya 81 mm-lik hamar lüləli minaatanlarla təchiz edilə bilər. “Patria”nın qülləli NEMO minaatanından götürülmüş hidro-pnevmatik geri təpmə sistemi minaatanın yerə lövhə qoyulmadan atəş açmasına imkan verir. Bu isə atəşdən dərhal sonra sürətli mövqe dəyişikliyi üstünlüyü yaradır. Sistem mövqeyə çatdıqdan sonra 60 saniyə ərzində atəş açmağa, sonuncu mərmidən sonra isə dərhal mövqeni tərk etməyə qadirdir. Atəş sürəti dəqiqədə 12-15 mərmidir və ilk üç mərmi 15 saniyə ərzində buraxılır. İstifadə olunan sursata görə atəş məsafəsi 7 km-dən çoxdur. Standart heyət 3-4 nəfərdən ibarətdir.

TREMOS-un əsas üstünlüyü onun modul quruluşudur. Sistem ISO standartlı kilid mexanizmləri ilə müxtəlif nəqliyyat vasitələrinə quraşdırıla bilir. Beləliklə, o, hərbi yük maşınından kommersiya təyinatlı platformalara qədər fərqli daşıyıcılar üzərində cəmi bir neçə dəqiqəyə köçürülə bilər.

“Patria” şirkəti TREMOS-u rəsmi olaraq 2024-cü il 29 oktyabrda Londonda keçirilən “Future Mortar Systems” konfransında təqdim edib. Ardınca Finlandiya Müdafiə Qüvvələri bu sistemi 120 KRH M3 adı altında satınalma planlarını elan etdi. İlk sınaq partiyası 2025-ci ildə Finlandiya Ordusuna təhvil veriləcək. Prototip, Finlandiya Müdafiə Qüvvələrinin Logistika Komandanlığı ilə əməkdaşlıq nəəticəsində cəmi bir il ərzində hazırlanıb. Bu sistem AMOS və NEMO proqramlarından əldə edilən təcrübəyə əsaslanır və müasir münaqişələrdə ənənəvi minaatanların pilotsuz vasitələr və əks-batareya atəşi qarşısında daha həssas olması problemini aradan qaldırmağa xidmət edir.

DALO 2025-də TREMOS-un platforması kimi istifadə edilən GTP 4×4, 2018-ci ildən “Sisu” tərəfindən istehsal olunan MRAP tipli zirehli maşındır.

Əsas xüsusiyyətləri:

Kütləsi – 16.5 ton;

Uzunluğu – 6 m, eni – 2.5 m, hündürlüyü – 2.55 m;

Yükdaşıma qabiliyyəti – 5 ton;

Mühərriki – Mercedes-Benz OM926, 308 a.g.;

Hərəkət sürəti – 100+ km/saat;

Hərəkət məsafəsi – 700 km+;

Suda hərəkət sürəti – 12 km/saat;

Yerdən hündürlüyü – 400 mm;

Su keçmə qabiliyyəti – 850 mm.

Maşının standart zirehi STANAG 4569 Level 1-ə uyğundur. Əlavə dəstlər vasitəsilə RPG və ƏPQ qorunması, eləcə də KBRN basqı sistemləri quraşdırıla bilər. Şassi modulludur və personal daşıyıcı, kəşfiyyat, idarəetmə, tibb, logistika və hava hücumundan müdafiə versiyalarında istifadə oluna bilir.

Finlandiya 2020-ci ildə sınaq üçün 6 ədəd, 2022-ci ildə 25 ədəd, 2023-cü ildə isə 13 ədəd GPT 4×4 zirehli maşını satın alıb. Həmçinin İsveç də bu zirehli maşını TGB24 adı altında silahlanmasına qəbul edib. 2024-cü ildə GPT 4×4-ün ilk partiyası İsveç Silahlı Qüvvələrinə təhvil verilib. Ümumilikdə hər iki ölkə 260 ədəddən çox GTP 4×4 zirehli maşını təhvil alacaq.

Избранный
46
poliqon.az

1Источники