"Zəngəzur dəhlizinin açılması Türkiyə,
türk dünyası və bütün dünya birliyi üçün xüsusi əhəmiyyət kəsb edir. İndiki mərhələdə
ayrı-ayrı şirkətlər və ümumilikdə dövlətlərin gələcəkdə bu marşrutdan istifadə
etmək istədikləri zaman seçici yanaşma ilə qarşılaşmaması üçün bu marşrutun işləmə
mexanizminin bütün detallarının işlənib hazırlanması çox vacibdir".
Bu sözləri AZƏRTAC-a Türkiyənin Böyük Birlik
Partiyasının (BBP) sədri Mustafa Destici deyib.
Siyasətçi özünə sual verib: "Bəs dəhlizi
idarə edəcək şirkət nə vaxtsa hər hansı ölkədən gələn yükləri məhdudlaşdırmağa
və ya tamamilə bloklamağa çalışsa necə olacaq?" Desticinin fikrincə, məhz
bu səbəbdən Bakı, Ankara və ya hər hansı digər tərəfin maraqlarının tam təmin
edilməsi üçün Zəngəzur dəhlizinin iş rejimi ilə bağlı bütün detalları əvvəlcədən
razılaşdırmaq vacibdir. BBP rəhbəri ABŞ Prezidenti Donald Trampın
administrasiyasının Azərbaycanla bağlı məhdudiyyətləri aradan qaldırmaq qərarını
alqışlayıb. "Türkiyə və Azərbaycan iki müstəqil dövlət olsalar da, biz
vahid xalqın parçasıyıq. Azərbaycanın sevinci bizim də qəlbimizdə əks-səda
verir", - deyə o vurğulayıb.
Eyni zamanda Ermənistan və onun havadarları tərəfindən
Azərbaycan torpaqlarının uzunmüddətli işğalı illərində törədilmiş cinayətləri
unutmamağa çağıran Destici bildirib ki, cəmi bir neçə milyon əhalisi olan kiçik
dövlət qonşu ölkənin bir hissəsini ələ keçirə bilməyəcək.
"Nəhayət, İrəvanın hazırkı rəhbərliyi
qonşu dövlətlərə qarşı təxribat xarakterli addımlardan və aqressiv ritorikadan əl
çəkərək Azərbaycan və Türkiyənin gücünü dərk edir. Bu, həmçinin 1915-ci il
hadisələri, Türkiyə və Azərbaycan bayraqlarının yandırılması ilə bağlı hərəkətlərə
aiddir", - deyə siyasətçi bildirib. O, Cənubi Qafqazın gündəmində olan
bütün məsələlərin regiondankənar aktorların iştirakı olmadan həll edilməsini
ideal variant adlandırıb.