RU

Yüksəksəviyyəli görüş münasibətlərin inkişafına yeni impuls verəcək

 Azərbaycan, Türkmənistan, Özbəkistan

respublikaları eyni etnik kökləri, eyni dili və dini, oxşar mədəniyyətləri olan

dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi Mərkəzi

Asiyadan Avropaya qədər böyük bir coğrafiyada əməkdaşlığın genişlənməsinə

imkanlar açır. Son illər dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış

sənədlər ölkələrimizi bir-birnə yaxınlaşdırır, hörmət və fayda əsasında yeni

münasibətlər sistemini möhkəmləndirir.

 Milli Məclisin deputatı Azər Badamov qəzetimizə

açıqlamasında bildirib ki, avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana

işgüzar səfər etməsi və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla

keçirdiyi görüş iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafına yeni

impuls verəcək.

İyul ayında Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana

səfərə gəldiyini və bu çərçivədə işğaldan azad olunmuş Füzuliyə getdiyini

xatırladan deputat dedi ki, Xalq Məclisinin Sədri füzulililərə Türkmənistan

xalqı adından məscid tikilib hədiyyə olunacağını bildirmişdi. Uzun illər işğal

altında olmuş ərazilərin yenidənqurma və bərpa işlərində Mərkəzi Asiya ölkələrindən

olan qardaşlarımız iştirak edərək öz hədiyyələrini verməklə, Azərbaycan xalqı

ilə bir yerdə olduqlarını nümayiş etdirirlər. 

"Füzuli şəhəri Türkmənistanın Arxadağ şəhəri ilə qardaşlaşdı. Bu,

bizim qardaşlıq bağlarımızın uzanması və bir-birinə daha sıx birləşməsi deməkdir.

Xalq Məclisinin Sədri Qurbanqulu Berdiməhəmmədov  "Taus" ləqəbli "Axaltəkə"

atını Prezident İlham Əliyevə hədiyyə etdi. Prezident İlham Əliyev də Füzuliyə

səfəri çərçivəsində Berdiməhəmmədova "Qarabağ" atı hədiyyə

etmişdi.  Qarabağ atının hədiyyə olunmasının

rəmzi mənası var idi.  Çünki atımız qələbəmizi

simvolizə edir - at xalqın dayağıdır, at xoşbəxtlik gətirir.  Qurbanqulu Berdiməhəmmədovun hədiyyə etdiyi

atın adı "Taus"dur. Bu ad isə "Yaşasın Türkmənistan, Azərbaycan,

Özbəkistan!" mənasını ifadə edir", - deyə o bildirib.

A.Badamov qeyd edib ki, Azərbaycan və Türkmənistan

ticari-iqtisadi əlaqələri özünün inkişaf dövrünü yaşayır.  Belə ki, son illər ölkələrarası ticarət

dövriyyəsi sürətlə artır.  Bu göstərici

2021-ci ildə 105.1 milyon dollar idisə, 2024-cü ildə 383.7 milyon dollar olub.

Bu da iqtisadi əməkdaşlığımızın üç dəfədən çox artması deməkdir. 

Azərbaycan-Özbəkistan əlaqələrinin də yüksək səviyyədə

olduğunu vurğulayan deputat əlavə edib ki, iki ölkə arasında 2024-cü ildə ticarət

dövriyyəsi 200 milyon dollar olub. Bu ilin 7 ayında isə bu göstərici 127 milyon

dollara çatıb: "2030-cu ildə isə Azərbaycanla Özbəkistan arasında ticarət

dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənib. Bunun üçün hər il

ticarət dövriyyəsində 30-35 faiz artım olmalıdır.   Özbəkistanla ölkəmiz arasında imzalanmış sənədlərin

icra olunması hədəflərə çatacağımızı göstərir. Dövlət başçılarının müntəzəm

qarşılıqlı səfərləri və görüşməsi ölkələrimizi bir-birinə daha da

yaxınlaşdırır. Özbəkistan işğaldan azad olunmuş ərazilərimizdə keçirdiyimiz

yenidənqurma və bərpa işlərinə töhfə verən ilk qardaş ölkə olub.  Prezident Şavkat Mirziyoyevin Füzuliyə səfəri

çərçivəsində hədiyyə etdiyi, dahi mütəfəkkir Mirzə Uluqbəyin adını daşıyan orta

məktəb Azərbaycan və özbək xalqlarının qardaşlıq simvolu olub", - deyə o əlavə

edib.

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyev

və Prezident Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası

Şurasının ikinci iclasında iştirakı, ticarət dövriyyəsinin 2030-cu ilədək 1

milyard dollara çatdırılması üzrə Fəaliyyət Planı, 2025-2027-ci illəri əhatə edən

sənaye və kənd təsərrüfatı əməkdaşlığı proqramları, gəmiçilik, təhsil, sosial

müdafiə, gömrük, rəqəmsal təhlükəsizlik və ətraf mühit sahələrində imzalanan

qarşılıqlı razılaşmalar tərəfdaşlığın strukturlaşdığını və funksional

inteqrasiyaya yönəldiyini göstərir. Dövlət başçılarının Bakıda Özbəkistan səfirliyinin

yeni binasının açılışında və "Ağ şəhər" ərazisində "Özbəkistan"

parkının təməlqoyma mərasimində iştirakı ikitərəfli strateji müttəfiqliyin

siyasi, mədəni və diplomatik əsaslarını möhkəmləndirən rəmzi və institusional

addımlar kimi qiymətləndirilir. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) artıq

Özbəkistanda böyük bir neft yatağının işlənilməsinə başlayıb. Bu yataqda

hasilatın əldə olunması qardaş Özbəkistanın neft istehsalı sahəsində yeni bir

dönəmə qədəm qoymasına yol açmaqla yanaşı, ölkələrimizi bir-birinə daha çox

yaxınlaşdıracaq. 

Deputat xatırladıb ki, Prezident İlham

Əliyevin Türkmənistana səfəri çərçivəsində Azərbaycan-Türkmənistan-Özbəkistan

dövlət başçılarının üçtərəfli görüşünün keçirilməsi və mətbuata birgə bəyanatlarla

çıxışları mühüm əhəmiyyət kəsb edir: "Bu görüş ölkələrimiz arasında yeni

üçtərəfli əməkdaşlıq formatının yaranması deməkdir. Dövlət başçıları nəqliyyat,

tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələrin

inkişafı ilə bağlı müzakirələr apardılar və müvafiq tapşırıqlar verdilər.  Ölkələrimizin iqtisadi əməkdaşlıq potensialı

çox böyükdür. Bunun dərinləşməsi bütün Avrasiya regionunun inkişafına böyük

töhfə verəcək Azərbaycanı Mərkəzi Asiyadan Xəzər dənizi ayırır. Xəzər dənizi həm

də bizi birləşdirir. Türkmənbaşı və Bakı Beynəlxalq Ticarət limanları arasında əməkdaşlığın

genişlənməsi Türkmənistan və Özbəkistanın Orta dəhliz vasitəsilə Avropaya

iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir. Özbəkistan və Türkmənistan həm də

"yaşıl enerji"ni Xəzər dənizinin dibi vasitəsilə Azərbaycan üzərindən

digər bazarlara çıxarmaq imkanına malik olacaq. 

Ölkələrimiz qarşılıqlı investisiyaların yatırılması və ehtiyac olan

mallar ticarətinin mübadiləsi ilə bağlı razılıq əldə edib. Bu da üç ölkədə

istehsal olunan malların ixracı üçün daxili imkanlarımızın önə çəkilməsi deməkdir". 

 A.Badamov vurğulayıb ki, ümumiyyətlə Cənubi

Qafqazda sülhün möhkəmlənməsi, Zəngəzur dəhlizinin açılması və daxili

imkanlarımızın səfərbər olunaraq bir-birinə açıq elan edilməsi ölkələrimizi

bir-birinə yaxınlaşdırmaqla bərabər, iqtisadi inkişafımızın sürətlənməsinə yüksək

töhfə verir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
30
1
azerbaijan-news.az

2Источники