Azərbaycan, Türkmənistan, Özbəkistan
respublikaları eyni etnik kökləri, eyni dili və dini, oxşar mədəniyyətləri olan
dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi Mərkəzi
Asiyadan Avropaya qədər böyük bir coğrafiyada əməkdaşlığın genişlənməsinə
imkanlar açır. Son illər dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış
sənədlər ölkələrimizi bir-birnə yaxınlaşdırır, hörmət və fayda əsasında yeni
münasibətlər sistemini möhkəmləndirir.
Milli Məclisin deputatı Azər Badamov qəzetimizə
açıqlamasında bildirib ki, avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana
işgüzar səfər etməsi və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla
keçirdiyi görüş iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafına yeni
impuls verəcək.
İyul ayında Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana
səfərə gəldiyini və bu çərçivədə işğaldan azad olunmuş Füzuliyə getdiyini
xatırladan deputat dedi ki, Xalq Məclisinin Sədri füzulililərə Türkmənistan
xalqı adından məscid tikilib hədiyyə olunacağını bildirmişdi. Uzun illər işğal
altında olmuş ərazilərin yenidənqurma və bərpa işlərində Mərkəzi Asiya ölkələrindən
olan qardaşlarımız iştirak edərək öz hədiyyələrini verməklə, Azərbaycan xalqı
ilə bir yerdə olduqlarını nümayiş etdirirlər.
"Füzuli şəhəri Türkmənistanın Arxadağ şəhəri ilə qardaşlaşdı. Bu,
bizim qardaşlıq bağlarımızın uzanması və bir-birinə daha sıx birləşməsi deməkdir.
Xalq Məclisinin Sədri Qurbanqulu Berdiməhəmmədov "Taus" ləqəbli "Axaltəkə"
atını Prezident İlham Əliyevə hədiyyə etdi. Prezident İlham Əliyev də Füzuliyə
səfəri çərçivəsində Berdiməhəmmədova "Qarabağ" atı hədiyyə
etmişdi. Qarabağ atının hədiyyə olunmasının
rəmzi mənası var idi. Çünki atımız qələbəmizi
simvolizə edir - at xalqın dayağıdır, at xoşbəxtlik gətirir. Qurbanqulu Berdiməhəmmədovun hədiyyə etdiyi
atın adı "Taus"dur. Bu ad isə "Yaşasın Türkmənistan, Azərbaycan,
Özbəkistan!" mənasını ifadə edir", - deyə o bildirib.
A.Badamov qeyd edib ki, Azərbaycan və Türkmənistan
ticari-iqtisadi əlaqələri özünün inkişaf dövrünü yaşayır. Belə ki, son illər ölkələrarası ticarət
dövriyyəsi sürətlə artır. Bu göstərici
2021-ci ildə 105.1 milyon dollar idisə, 2024-cü ildə 383.7 milyon dollar olub.
Bu da iqtisadi əməkdaşlığımızın üç dəfədən çox artması deməkdir.
Azərbaycan-Özbəkistan əlaqələrinin də yüksək səviyyədə
olduğunu vurğulayan deputat əlavə edib ki, iki ölkə arasında 2024-cü ildə ticarət
dövriyyəsi 200 milyon dollar olub. Bu ilin 7 ayında isə bu göstərici 127 milyon
dollara çatıb: "2030-cu ildə isə Azərbaycanla Özbəkistan arasında ticarət
dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənib. Bunun üçün hər il
ticarət dövriyyəsində 30-35 faiz artım olmalıdır. Özbəkistanla ölkəmiz arasında imzalanmış sənədlərin
icra olunması hədəflərə çatacağımızı göstərir. Dövlət başçılarının müntəzəm
qarşılıqlı səfərləri və görüşməsi ölkələrimizi bir-birinə daha da
yaxınlaşdırır. Özbəkistan işğaldan azad olunmuş ərazilərimizdə keçirdiyimiz
yenidənqurma və bərpa işlərinə töhfə verən ilk qardaş ölkə olub. Prezident Şavkat Mirziyoyevin Füzuliyə səfəri
çərçivəsində hədiyyə etdiyi, dahi mütəfəkkir Mirzə Uluqbəyin adını daşıyan orta
məktəb Azərbaycan və özbək xalqlarının qardaşlıq simvolu olub", - deyə o əlavə
edib.
A.Badamov qeyd edib ki, Prezident İlham Əliyev
və Prezident Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası
Şurasının ikinci iclasında iştirakı, ticarət dövriyyəsinin 2030-cu ilədək 1
milyard dollara çatdırılması üzrə Fəaliyyət Planı, 2025-2027-ci illəri əhatə edən
sənaye və kənd təsərrüfatı əməkdaşlığı proqramları, gəmiçilik, təhsil, sosial
müdafiə, gömrük, rəqəmsal təhlükəsizlik və ətraf mühit sahələrində imzalanan
qarşılıqlı razılaşmalar tərəfdaşlığın strukturlaşdığını və funksional
inteqrasiyaya yönəldiyini göstərir. Dövlət başçılarının Bakıda Özbəkistan səfirliyinin
yeni binasının açılışında və "Ağ şəhər" ərazisində "Özbəkistan"
parkının təməlqoyma mərasimində iştirakı ikitərəfli strateji müttəfiqliyin
siyasi, mədəni və diplomatik əsaslarını möhkəmləndirən rəmzi və institusional
addımlar kimi qiymətləndirilir. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) artıq
Özbəkistanda böyük bir neft yatağının işlənilməsinə başlayıb. Bu yataqda
hasilatın əldə olunması qardaş Özbəkistanın neft istehsalı sahəsində yeni bir
dönəmə qədəm qoymasına yol açmaqla yanaşı, ölkələrimizi bir-birinə daha çox
yaxınlaşdıracaq.
Deputat xatırladıb ki, Prezident İlham
Əliyevin Türkmənistana səfəri çərçivəsində Azərbaycan-Türkmənistan-Özbəkistan
dövlət başçılarının üçtərəfli görüşünün keçirilməsi və mətbuata birgə bəyanatlarla
çıxışları mühüm əhəmiyyət kəsb edir: "Bu görüş ölkələrimiz arasında yeni
üçtərəfli əməkdaşlıq formatının yaranması deməkdir. Dövlət başçıları nəqliyyat,
tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələrin
inkişafı ilə bağlı müzakirələr apardılar və müvafiq tapşırıqlar verdilər. Ölkələrimizin iqtisadi əməkdaşlıq potensialı
çox böyükdür. Bunun dərinləşməsi bütün Avrasiya regionunun inkişafına böyük
töhfə verəcək Azərbaycanı Mərkəzi Asiyadan Xəzər dənizi ayırır. Xəzər dənizi həm
də bizi birləşdirir. Türkmənbaşı və Bakı Beynəlxalq Ticarət limanları arasında əməkdaşlığın
genişlənməsi Türkmənistan və Özbəkistanın Orta dəhliz vasitəsilə Avropaya
iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir. Özbəkistan və Türkmənistan həm də
"yaşıl enerji"ni Xəzər dənizinin dibi vasitəsilə Azərbaycan üzərindən
digər bazarlara çıxarmaq imkanına malik olacaq.
Ölkələrimiz qarşılıqlı investisiyaların yatırılması və ehtiyac olan
mallar ticarətinin mübadiləsi ilə bağlı razılıq əldə edib. Bu da üç ölkədə
istehsal olunan malların ixracı üçün daxili imkanlarımızın önə çəkilməsi deməkdir".
A.Badamov vurğulayıb ki, ümumiyyətlə Cənubi
Qafqazda sülhün möhkəmlənməsi, Zəngəzur dəhlizinin açılması və daxili
imkanlarımızın səfərbər olunaraq bir-birinə açıq elan edilməsi ölkələrimizi
bir-birinə yaxınlaşdırmaqla bərabər, iqtisadi inkişafımızın sürətlənməsinə yüksək
töhfə verir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"