"Regional İnkişaf" İctimai
Birliyinin təşəbbüsü və bp şirkətinin maliyyə dəstəyi ilə Qusar rayonunun
Avaran kəndində müasir içməli su təchizatı infrastrukturunun açılış mərasimi
keçirilib.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı
Sahir Məmmədxanov regionlarda əhalinin sosial-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən söz açıb. O, Avaran kənd sakinlərinin uzun illər içməli
su problemindən əziyyət çəkdiyini və bu layihənin əhalinin təmiz içməli suya çıxışının təmin edilməsində
əhəmiyyətini vurğulayıb, layihənin kəndin sosial rifahına, əhalinin
sağlamlığına və ümumi həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini
qeyd edib.
Qeyd edək ki, layihənin reallaşdırılması üçün
Cağar Cibir su kanalından kəndə 1,4 kilometr məsafədən xətt çəkilib. 10 min
kubmetr həcmində sututar və 2 min kubmetr həcmində lil çökdürmə hovuzu
yaradılıb. Obyektdə nasosxana və filter məntəqəsi tikilərək qurğu və avadanlıqlarla təchiz edilib,
transformator,
3 mərhələli filter sistemi, motorlar, su çənləri
və sayğaclar quraşdırılıb. Layihənin
birinci hissəsinin icrası çərçivəsində kənddaxili şəbəkə qurularaq 125 ev təsərrüfatının
su təchizatı təmin edilib. İlin sonunadək kəndin qalan 263 ev təsərrüfatına da
daxili su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq.
Akif ƏLİYEV,
"Azərbaycan"