RU

Türkiyə Ukraynaya qoşun göndərəcək – ilginc plan

Türkiyə ən azı müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Ankara həmçinin təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbçilərin göndərilməsi imkanını da nəzərdən keçirir. Bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində bildirib. “Mən Türkiyənin müdafiə naziri Yaşar Gülərlə görüşmüşəm, çox gözəl söhbətimiz oldu. 

Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Türkiyə tərəfi dənizin minalardan təmizlənməsi ilə yanaşı, yerüstü minalardan təmizlənmədə iştirakını da nəzərdən keçirir”, – deyə səfir bildirib. Nəriman Cəlal əlavə edib ki, Türkiyə Ukraynaya hərbçi göndərməyə hazır olan 10 ölkədən biridir: “Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq”. Ukrayna Prezidenti Volodimir Zelenski də Türkiyənin təhlükəsizlik zəmanətində iştirak etməyə hazır olduğunu bəyan etmişdi. Xüsusən də qardaş ölkə Qara dənizdə Ukrayna üçün təhlükəsizlik zəmanəti rolunu oynaya bilər. “Türkiyə Ukraynaya sülhməramlı kontingent göndərilməsini istisna etmir”. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib. “Türkiyə regionda sülh və sabitlik yaradan, bu istiqamətdə bütün təşəbbüslərə töhfə verməyə çalışan bir ölkədir. Bununla belə, əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəs yaradılmalı, ardınca mandat və hər bir ölkənin prosesə nə qədər töhfə verə biləcəyi müəyyənləşdirilməlidir. Hələ konkretləşməmiş proqnozlara əsaslanaraq qiymətləndirmə aparmaq doğru olmaz”, – sözçü bildirib.

Türkiyənin Ukraynanın Qara dənizdə təhlükəsizlik zəmanəti ola bilərsə, Rusiyanın buna reaksiyası necə olacaq? Eyni zamanda türk qoşunlarının sülhməramlı kimi bu ölkəyə göndərilməsi mümkündürmü? Ümumiyyətlə, Ukraynaya Qərbin verəcəyi yeni təhlükəsizlik zəmanəti onun gələcəkdə işğala məruz qalmayacağına qarant ola bilərmi? Çünki NATO Baş katibi bu haqda əminliklə danışmışdı. Onun sözlərinə görə, elə bir təhlükəsizlik zəmanəti hazırlanır ki, Putin kabinetində oturub Ukraynaya hücum haqda bir daha düşünməsin.

Heydər Oğuz 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ukrayna məsələsi qardaş Türkiyə üçün də həssas mövzulardan biridir: “Xüsusilə Krım Türkiyə və Rusiya arasında yüz illər boyu mübahisə mövzusu olub. Osmanlı dövləti Krım uğrunda Rusiya ilə ağır döyüşlərə girib və 19-cu əsrin ortalarında İngiltərə və Fransanın da yardımı ilə müharibəni qazansa da, diplomatik masadan məğlub tərəf kimi ayrılmışdı. 1853-1856-cı illər arasında baş verən Krım müharibəsinin əsas səbəbləri bunlar idi: Rusiyanın Osmanlı İmperiyasını dağıtmaq və isti dənizlərə çıxış əldə etmək istəyirdi. Bunun üçün isə Osmanlı İmperiyası daxilində yaşayan pravoslav xristianları qorumaq iddiası ilə çıxış edirdi. Rusiyanın bu tələbləri Osmanlı İmperiyası tərəfindən rədd edilincə, rus ordusu Osmanlı ərazilərinə soxuldu və Balkanlar da başda olmaqla, bir çox yerləri ələ keçirdi. Ardınca da İstabulun həndəvərinə qədər irəliləyincə, Böyük Britaniya və Fransa proseslərə müdaxilə etdilər, beləcə 500 minə yaxın insanın öldüyü Krım müharibəsi başladı”.

Heydər Oğuz qeyd edib ki, 19-cu əsrdən indiyədək Türkiyənin Krıma münasibəti dəyişməyib: “Çünki Krımın Sevastopol limanından İstanbul boğazına 500, Sinop limanına isə daha qısa – 300 km məsafə var. Qara dənizin tam ortasında yerləşən Krımın kimdə olması sahil ölkələrinin su sahəsini də önəmli ölçüdə dəyişir. Krım əgər Ukraynanın nəzarətində olsa, Rusiyanın Qara dənizdəki sərhədləri Kerç boğazından başlayıb Gürcüstan Abxaziya ərazisində bitər. Nəticədə Ukrayna ilə Türkiyə Qara dənizin ən uzun sahillərinə malik dövlətlərinə çevrilərlər. Ukrayna 1.756 km, Türkiyə isə 1.700 km. Yox, əgər Krım Rusiyanın nəzarətinə keçərsə, Rusiya Qara dənizdə ən böyük sahillərə malik olar. Üstəlik, Abxaziyanı da hesaba qatsaq, Qara dəniz tamamilə Rusiyanın gölünə çevrilə bilər. Təbii ki, Türkiyə bu sahədə üstünlüyün Rusiyanın əlinə keçməsinə razı olmaz.

Digər tərəfdən, Krımı özününküləşdirincə, Qara dənizdə Eksklüziv İqtisadi Zonasını ciddi ölçüdə böyüdən Rusiya təkcə bu su hövzəsinin təbii sərvətlərinə yiyələnməklə qalmaz, həm də 250 illik hədəfi olan İstanbul boğazına bir addım da yaxınlaşar və Türkiyə üçün böyük təhdidə çevrilər. Türkiyə də bu təhdidləri nəzərə alıb Krımın Ukraynanın əlində qalmasında maraqlıdır. Odur ki, qardaş ölkənın Ukraynanın Qara dənizdəki təhlükəsizliyini təminatçısına çevrilməsi təəccüblü deyil”.

“Yeni Müsavat”

Избранный
16
1
editor.az

2Источники