RU

Milli təəssübkeşliyin və vətənə xidmətin örnəyi

Humanizm, xeyirxahlıq, xoş əməllər sahibi olmaq Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın genetik kod yaddaşı, nəcib ailəsindən ona ötürülən mənəvi irsdir. Yüksək insani dəyərlərin daşıyıcısı olan Mehriban xanım Əliyevaya bu ali keyfiyyətlər, milli-mənəvi ideallar həm də doğulub böyüdüyü və yetişdiyi mühitdən əxz olunub. Dinindən, dilindən, irqindən asılı olmayaraq insanlara dayaq-dəstək olmağı, onların üzünü güldürməyi sözün əsl mənasında həyat amalı sayan Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın həyat fəlsəfəsini elə özünün ifadə etdiyi bu bir neçə kəlmə aydın ifadə edir: “Mən tam əminəm ki, mehribanlıq və səxavətlilik dünyamızı daha da yaxşılaşdıra bilər. Mən inanıram ki, humanizm, mərhəmət və sevgi bizim həyatımızı daha da xoşbəxt edir”.

Mehriban Əliyevaya edilən heç bir müraciət cavabsız qalmır

Mehriban xanım Əliyeva humanizmə köklənmiş çoxşaxəli fəaliyyəti ilə Azərbaycan xalqının, hər bir vətəndaşın qəlbində özünəməxsus yer tutub. Sosial statuslarından asılı olmayaraq bütün vətəndaşlarımız Mehriban xanımın timsalında özünün ən böyük hamisini, himayədarını görür. Hansısa çətinliyə düçar olan, problemlərlə üzləşən, nəyəsə ehtiyacı olan insanların üz tutduğu birinci güvənc yeri də məhz Mehriban xanım Əliyevadır-desəm,yanılmaram. Hər kəs bilir ki, əziz Mehriban xanım ona edilən heç bir müraciətə qeydsiz qalmır, sidq ürəklə əlindən gələn qədər çalışır ki, insanlar naümid, çarəsiz vəziyyətdə qalmasın.

Əbəs yerə deyil ki, valideyn himayəsindən məhrum uşaqlar Mehriban xanım Əliyevanı özlərinin “mənəvi ana”sı sayırlar. Çünki bu uşaqların taleyini daim diqqətində saxlayan Mehriban xanım Əliyeva mütəmadi olaraq uşaq evlərində onlara baş çəkir, ünsiyyətdə olur, gələcək həyatlarında uğurlu olmaları üçün dəstək verir. Azərbaycanın birinci xanımı insanların xoşbəxt yaşamaları üçün onlara həyatın bütün sferalarında dayaq olur, təhsil, səhiyyə sahələrində əlindən gələn köməyi edir, sosial şəraitlərinin yaxşılaşdırılmasına çalışır.

Keçmiş məcburi köçkünlərin yurd nisgillərini bölüşəndə də, şəhid analarını bağrına basıb kövrələndə də, valideyn himayəsindən məhrum uşaqları sevindirəndə də, xoş günlərdə onlarla birgə şənlənəndə də, qol götürüb oynayanda da xanım Mehriban Əliyevanı daim  xalqının yanında, onların sevincinə də, kədərinə də şərik olan görürük.

Gücünü xalqının sevgisindən, hörmətindən, doğmalığından alan Mehriban xanım Əliyevanın Azərbaycan xalqının xoşniyyət, gülərüz, mehriban qızı olaraq əlamətdar günlərlə, bayramlarla bağlı etdiyi müraciətlərinin sonunda qürurla “Sizin Mehriban” imzasını qoyması da əbəs deyil.

Çoxşaxəli fəaliyyət

Ötən illər ərzində dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli inkişaf strategiyasına dayanan və uzaqgörən siyasəti sayəsində ölkəmiz tarixindəki ən qüdrətli dövrünü yaşayır. Torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü, suverenliyini tam təmin edən Azərbaycan bu gün dünyanın sayılıb-seçilən, nüfuzlu ölkələri sırasında gəlir. Eyni zamanda Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti uzun illərdən sonra bölgəmizə barış gətirib. Bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannamə imzalamaları həm Cənubi Qafqaza uzunmüddətli sülh vəd etməsi, həm də ölkəmizin möhtəşəm diplomatik qələbə qazanması baxımından böyük tarixi əhəmiyyətə malikdir.

Azərbaycanın bugünkü qələbələr zirvəsinə ucalması birbaşa Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi düzgün və illərlə düşünülmüş uğurlu siyasətin nəticəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva dövlətimizin rifahına xidmət edən bu inkişaf və uğurlu strategiyaya hər zaman Prezident İlham Əliyevlə çiyin-çiyinə, Onun yaxın silahdaşı kimi sidq ürəklə xidmət edir. Milli maraqlarımız uğrunda yorulmaz fəaliyyət göstərən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti çoxşaxəliliyi ilə seçilir. Hələ 2005-ci ildən etibarən üç çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş xanım Mehriban Əliyevanın deputat kimi fəaliyyəti də praqmatik addımlarla yadda qalıb. Seçicilərinə xüsusi diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyeva Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə milli qanunvericiliyimizin təkmilləşməsinə əhəmiyyətli töhfələr bəxş edib. Təşəbbüskarı olduğu amnistiya aktı layihələri əsasında minlərlə insanın azadlığa çıxması xanım Mehriban Əliyevanın humanizm ideyalarına dayanan əməllərinə növbəti nümunədir.

Azərbaycanın inkişafına, dünyada təbliğinə töhfələr verən ictimai-siyasi xadim Mehriban xanım Əliyeva fədakar silahdaş olaraq Prezident İlham Əliyevin ona həvalə etdiyi bütün vəzifələri uğurla yerinə yetirir. Onun təşkilatçılığı ilə Azərbaycan dövlətinin beynəlxalq miqyaslı neçə-neçə tədbirə layiqli şəkildə ev sahibliyi etməsinin şahidi olmuşuq. İstər “Eurovision” mahnı müsabiqəsi, istərsə də I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları olsun, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qısa müddət ərzində yüksək təşkilatçılıq nümunəsini ortaya qoyub.

Azərbaycanda könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Birinci vitse-prezidentin böyük rolu var. Məhz hörmətli Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda sadaladığımız və ölkəmizin müvəffəqiyyətlə ev sahibliyi etdiyi digər mötəbər beynəlxalq tədbirlərdə, xüsusilə nəhəng iqlim sammiti COP 29-da on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı.

Azərbaycanın Birinci xanımının ölkə idmanının inkişafında da mühüm xidmətləri var. Azərbaycan Gimnastika Federasiyasının inkişafı isə birbaşa Mehriban Əliyevanın adı ilə bağlıdır.

Nümunəvi fəaliyyət

2017-ci il fevralın 21-də Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması ilə Azərbaycanın siyasi tarixində yeni bir səhifə açılmış oldu. Buna qədər hərtərəfli və humanizm dəyərlərini əsas tutan missiyası ilə Vətənə layiqli xidmət edən Mehriban xanım Əliyevanın Prezident İlham Əliyev tərəfindən Birinci vitse-prezident vəzifəsinə təyin olunması təsadüfi xarakter daşımayaraq, olduqca geniş, çoxşaxəli və məzmunlu fəaliyyətə əsaslandı.

Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva fəaliyyətində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi aparıcı siyasi kursun prinsip və şərtlərinə uyğun olaraq respublikamızın inkişafını, xalqımızın sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsini prioritet götürüb.  Həmin vaxtdan ötən 8 ildən artıq dövr ərzində Prezident İlham Əliyevin yüksək etimadını doğruldan təqdirəlayiq fəaliyyəti ilə Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi xalqımızın böyük inamını və sonsuz sevgisini qazanıb. Başqa cür desək, Mehriban xanım Əliyeva Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürərək, onların reallığa çevrilməsi istiqamətində atdığı addımları ilə qədirbilən xalqımızın Ona olan sevgisini, məhəbbətini  daha da artırıb.

Milli və ictimai məzmunlu işləri, çoxşaxəli və səmərəli fəaliyyəti ilə xanım Mehriban Əliyeva həm də Birinci vitse-prezidentlik institutunda nümunə, məktəb  yaradıb.

Çoxşaxəli fəaliyyətində sosial məsələlərin həllinə geniş yer ayıran Azərbaycanın Birinci vitse-prezidenti genişmiqyaslı və ictimai əhəmiyyətli layihələrin müvəffəqiyyətlə həyata keçirilməsində mühüm təşəbbüslər irəli sürüb. Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ yaradan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir.

Azərbaycanın layiqli ev  sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu da fəal iştirakı ilə xüsusi diqqət çəkdi. Təbiətin mühafizəsinə fəaliyyətində geniş yer ayıran Birinci xanım Mehriban Əliyeva BMT-nin nüfuzlu tədbiri çərçivəsində “yaşıl zona”da “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda təşkil olunan konfransda etdiyi çıxışında da yaşıl dünyanın vacibliyini xüsusi vurğuladı. COP29 tədbirinin keçirildiyi ərazidə “yaşıl zona”da yerləşən Heydər Əliyev Fondu və qardaş Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın təşəbbüskarı və rəhbəri olduğu Sıfır Atık Fondunun birgə yaratdıqları Həmrəylik Mərkəzi təbiətə həssas yanaşmanı,  həqiqətən də özündə əks etdirirdi.

Ölkəmizin rifahı naminə gecə-gündüz səylə çalışan, bu yolda dünya lideri Prezident İlham Əliyevə əsl silahdaş olan Mehriban xanım Əliyevanın fəaliyyətində diqqətçəkən mühüm məqamlardan biri isə onun təkcə doğma xalqımızın deyil, xalqların  inkişafına hesablanmış və çoxdan sərhədlərimizi aşan xoşməramlı missiyasıdır. Dünyada çoxsaylı müharibələr gedir, vaxtaşırı pandemiyalar yayılır, dəhşətli təbiət hadisələri baş verir. Qlobal fəlakətlərlə mübarizə və onların fəsadlarının aradan qaldırılması istiqamətində  bu gün də Mehriban xanım Əliyeva xeyriyyəçiliyin təmini üçün yorulmaz iş görür.

2023-cü ildə Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və göstərişi ilə zəlzələdən zərərçəkənlərə yardım və zəruri ehtiyaclar göndərilirdi ki, bu xoşməramlı əməl özündə təkcə humanitar yox, zəngin mənəvi çalarlar daşıyırdı. 

Bundan əvvəl, 2005-ci ildə Pakistanda baş verən və xeyli sayda insan tələfatına səbəb olan dəhşətli zəlzələ zamanı Müzəffərabad şəhərində təbii fəlakət zamanı dağılmış 150 nəfərlik məktəbin yerində 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən 500 nəfərlik müasir məktəb binası inşa edilmişdi. 2012-ci ildə isə yenidən əsaslı təmir olunmuş Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva adına qızlar məktəbinin açılış mərasimi keçirilmişdi.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Parisdə Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkili, Romada Müqəddəs Marçellinio və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası və bu kimi çoxsaylı və bəşəri irsin qorunmasına xidmət edən xoşməramlı missiyası dünyada geniş rezonans doğurub.

Hörmətli Mehriban xanım Əliyevanın yorulmaz və örnək götürüləsi fəaliyyətinin əsasını xalqımıza məxsus mənəvi dəyərlərin qorunması, ölkəmizin həqiqətlərinin dünyada təbliği, milli maraqlarımızın qətiyyətli müdafiəsi istiqamətində gördüyü işlər təşkil edir. Azərbaycan xalqı olaraq biz buna 27 sentyabr 2020-ci ildə başlayan zəfər yolçuluğumuz zamanı da yaxından şahid olduq. 44 günlük Vətən Müharibəsinin hər günündə Mehriban xanım Əliyeva Birinci vitse-prezident olaraq bir dövlət xadimi, torpağını sevən bir azərbaycanlı kimi şanlı ordumuza, qəhrəman  xalqımıza daim dəstək nümayiş etdirdi. Həmin çətin, sınaqlarla dolu mübarizə günlərimizdə Mehriban xanım Əliyeva  haqq işimizin beynəlxalq aləmə duyurulması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Düşmənin cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizi raket atəşinə məruz qoyaraq mülki əhalimizi hədəf almasını beynəlxalq aləmə çatdırdı.

Həmin günlərdə rəsmi “İnstaqram” səhifəsində etdiyi paylaşımların birində Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edən Birinci xanım Mehriban Əliyeva vurğulayırdı ki, bu gün xalq niyyəti, hərəkət və duaları ilə misli görünməmiş birlik göstərir: “Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Birinci xanımın bu duası həm də ana torpağımızın Mehriban xanım Əliyevanın qəlbində hansı əlahiddə müqəddəs məqamda olduğunun zərif təcəssümü idi.

Haqq uğrunda Vətən savaşına çıxdığımız 44 günlük müharibə zamanı cəbhədən qanadlanan qələbə müjdələri ilə yanaşı şəhid xəbərləri də alıb dərindən kədərlənirdik.  Həmin ağır günlərdə də daim xalqının yanında olan, onlarla birgə sevinib, birgə kədərlənən Mehriban Əliyeva şəhid yaxınlarına ən böyük dayaq oldu.

“Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm”, - deyə keçirdiyi ağır sarsıntıları, şəhid ailələrinin dərdinə şərik olmasını, onların kədərlərini bölüşməsini bu cür kövrək sözlərlə ifadə etmişdi əziz Mehriban xanım.

Aprel döyüşlərində, 44 günlük müharibədə şəhid və qazi olanların ailələrinə Heydər Əliyev Fondu tərəfindən hərtərəfli kömək göstərilir, yaralılar yüksəktexnologiyalı protezlərlə təmin olunur, dünyanın nüfuzlu xəstəxanalarında müalicə olunurlar.  Mehriban xanım  Əliyevanın tapşırığı əsasında  Heydər Əliyev Fondu  ağır yaralanan qazilərimizi müalicə və reabilitasiya üçün Türkiyəyə göndərib. Bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilir. Şəhid ailələri, qazilərimiz onlara göstərilən diqqətdən razılıqlarını ifadə edirlər. 

Heydər Əliyev irsinə ehtiramla

Ümummilli Lider Heydər Əliyevin milli ideyalarına əsaslanan və Mehriban xanım Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi 22 illik zaman kəsimində demək olar ki, ölkənin ictimai həyatının bütün sahələrində vacib işlərə imza atıb. Heydər Əliyev Fondu uzun illərdir təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Təhsil sahəsindəki “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi layihələr də bu qəbildəndir.

Artıq 5 ildir ki, Heydər Əliyev ideyalarının daha bir təntənəsi Qarabağda və Şərqi Zəngəzurda yaşanır. İşğaldan azad edilmiş bu torpaqlar indi yenidən qurulur, onlara yeni həyat verilir. Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə indiyədək görülmüş işlərin miqyası böyük və həm də qürurvericidir. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən görülən işlər xüsusi alqışa layiqdir. Fondun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Qarabağda, Zəngəzurda həyata keçirilən quruculuq işləri azad edilmiş ərazilərin bərpası prosesinə böyük təkan və yaddaqalan töhfələr verir.

Öncə onu qeyd edim ki, Vətən Müharibəsindən sonra Prezident İlham Əliyevlə birlikdə  işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərlər etməsi Mehriban xanım Əliyevanın tarixi ərazilərimizin bərpası və keçmiş məcburi köçkün vətəndaşlarımızın öz yurdlarına qaytarılmasına göstərdiyi həssas münasibətin təzahürüdür. Dövlətimizin başçısı ilə birgə o yerlərə səfərlərə gedən hörmətli Mehriban xanımın dağıdılmış ərazilərimizlə bağlı çəkib paylaşdığı videogörüntülər erməni vandallığını bir daha dünyaya tanıtdı. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu işğaldan azad edilən torpaqlarımızdakı quruculuq işlərinə dəstək verir, xüsusilə də düşmən tərəfindən vəhşicəsinə dağıdılan tarixi, mədəni, dini irsimizin bərpası ilə əlaqədar mühüm fəaliyyət göstərir.

Prezident İlham Əliyevin Mehriban xanımla birgə işğaldan azad edilmiş Ağdama səfəri zamanı Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə hədiyyə  etməsi Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini, mədəni irsimizin dirçəldilməsinin rəmzi oldu.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva 8 dekabr 2020-ci ildə fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Hazırda Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurdakı bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılır.

İşğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu tərəfindən ilk bərpa olunan abidələrdən biri böyük şair Molla Pənah Vaqifin məqbərəsidir. Görkəmli şairin Şuşa şəhərində yerləşən büstü də Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Cıdır düzündə yerləşən Mir Möhsün Nəvvab Qarabağinin məzarı və qəbirüstü abidəsi, məşhur tarzən, bəstəkar Sadıqcanın vaxtilə yaşadığı ev, “Şirin su” hamamı bərpa olunub, Milli Xalça Muzeyinin Şuşa filialı yenidən qurulub, Şuşa Yaradıcılıq Mərkəzi, Mehmandarovların malikanə kompleksi təmir-bərpadan sonra istifadəyə verilib. Üzeyir bəy Hacıbəylinin Şuşada yerləşən heykəli Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb.

Heydər Əliyev Fondu Şuşada Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Saatlı məscidini, Mamayı məscidini, Çöl Qala məscidini bərpa edərək dini ayinlərini icra etmələri üçün şuşalıların ixtiyarına verib. Şuşada təməli Prezident İlham Əliyev tərəfindən qoyulan yeni məscidin tikintisi də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Həmçinin Ağdam Cümə məscidi əvvəlki görkəminə qaytarılıb, Zəngilan məscidində də Heydər Əliyev Fondu bərpa-tikinti işləri həyata keçirib.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurda tarixən var olan mədəni ənənələrin bərpasını da həyata keçirir. İşğaldan azad edilən torpaqlarımızda 32 ildən sonra, 2021-ci ilin mayında zəfər qalamız Şuşada, Cıdır düzündə fond tərəfindən təşkil olunan “Xarıbülbül” Musiqi Festivalı bu ərazilərə milli ruhumuzun qayıdışını simvolizə etdi.

Bütövlükdə, Vətən Müharibəsindən sonra Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı həyata keçirdiyi çoxsaylı layihələr  bir daha Mehriban xanım Əliyevanın vətənpərvərliyinin təcəssümünə çevrildi. 

Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən tarixi missiya

Mehriban xanım Əliyevanın vətənə xidmət qayəsinin mükəmməl örnəyini həm də bəşəriyyətin özü qədər qədim tarixə malik Naxçıvan Muxtar Respublikasının  timsalında da görürük. Birinci xanımın müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə birgə bu ulu diyara səfərləri muxtar respublikanın inkişafında yeni tarix yazıb. Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevlə birlikdə Əshabi-Kəhf ziyarətgahını ziyarət etməsi, 2008-ci ildə Türkiyənin o zaman Baş naziri vəzifəsində çalışan Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində onun xanımı Əminə Ərdoğanla birlikdə Naxçıvan Dövlət Universitetində olması, 2009-cu ildə Prezident İlham Əliyevlə birlikdə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyində iştirakı Naxçıvan ictimaiyyəti tərəfindən hər zaman minnətdarlıqla xatırlanır.

2009-cu ildə Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın Naxçıvan şəhərində Heydər Əliyev Sarayının əsaslı yenidənqurmadan sonra açılış mərasimində iştirakı, həmçinin Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodunun, Naxçıvan şəhərində yeni inşa olunmuş Şahmat Mərkəzinin, eləcə də Şərur rayonunda Olimpiya-İdman Kompleksinin açılışlarında iştirak etməsi də buna bariz numunələrdir.

2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi yaradılaraq istifadəyə verilib. Mehriban xanım Əliyevanın muxtar respublikaya böyük hədiyyəsi olan mərkəzin açılışı zamanı Prezident İlham Əliyev də Heydər Əliyev Fondu tərəfindən yaradılan bu mərkəzin vacib əhəmiyyət daşıdığını vurğulamışdı: “Burada fiziki imkanları məhdud olan uşaqlar üçün bütün şərait yaradılıbdır. Bildiyiniz kimi, Heydər Əliyev Fondu çox böyük fəaliyyətlə məşğuldur. Azərbaycanın bütün bölgələrində məktəb tikintisi, xəstəxanaların avadanlıqla təchiz edilməsi, mədəni irsimizin qorunması sahəsində böyük işlər görür. Eyni zamanda, uşaqlar, yeniyetmələr, kimsəsiz uşaqlar üçün şərait yaradılır”.

Xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusilə, Vətən Müharibəsində şəhid olmuş Naxçıvandan olan övladlarımızın ailə üzvlərinə, qazilərə yaxından diqqət və qayğısı isə qədirbilən naxçıvanlıların yaddaşından heç vaxt silinməyəcək.

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Naxçıvanın inkişafını daim şəxsi diqqətdə saxlamaları hazırda muxtar respublikanın öz inkişafının yeni mərhələsini yaşamasına gətirib çıxarıb. Son illər burada həyata keçirilən ciddi islahatlar muxtar respublikanın hərtərəfli inkişafını sürətləndirib.

Bu mənada cari ilin iyununda Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi barədə Konstitusiya Qanununun layihəsinin təsdiq edilməsi böyük əhəmiyyətə malikdir. Onu da vurğulayım ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi Naxçıvanda hakimiyyətin bölgüsü prinsipinin tam müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir. Adıçəkilən Konstitusiya qanununda əks olunub ki, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanı kimi nəzərdə tutulur. Ona rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi həyata keçirir. Burada göstərilir ki,  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər də ölkə Prezidenti tərəfindən təyin edilir və s. Bütün bunlar ərazi bütövlüyü və suverenliyi tam təmin olunan Azərbaycanın demokratik və hüquqi inkişaf istiqamətində atdığı mühüm addımlardır.

Otuz ildən çoxdur ki, blokadadan əziyyət çəkən Naxçıvanın möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü uzaqgörən və məharətli siyasət nəticəsində Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə Azərbaycanın əsas hissəsi ilə birləşməsi isə muxtar respublikanın, ümumilikdə xalqımızın tarixindəki qürurverici və mühüm hadisələrdən biridir.  Avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Naxçıvanın adını xüsusi çəkməsi, TRIPP vasitəsilə Azərbaycanın Naxçıvana tam çıxış əldə edəcəyini qeyd etməsi məhz Prezident İlham Əliyevin yürütdüyü müdrik, məqsədyönlü və uzaqgörən siyasətin nəticəsidir.

İstər Birinci vitse-Prezident, istər Heydər Əliyev Fondunun prezidenti və digər sahələrdəki çoxvektorlu fəaliyyəti göstərir ki, Mehriban xanım Əliyeva Azərbaycan dövlətinin, xalqının rifahı və inkişafı naminə yorulmadan və səylə xidmət göstərir.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ötən illər ərzində həyata keçirdiyi fəaliyyətin qısa xronikasından da göründüyü kimi, bütün bu işlər Prezident İlham Əliyevin müəyyənləşdirdiyi  və Azərbaycanı zirvələrə ucaldan, zəfərlərə yetirən inkişaf strategiyasının gerçəkləşməsi yönündə həyata keçib.

Bu çətin, məsuliyyətli, şərəfli və zərif missiyasında çox hörmətli və əziz Mehriban xanım Əliyevaya daim uğurlar arzulayırıq!

Bəxtiyar ƏSGƏROV,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri

Избранный
29
1
ikisahil.az

2Источники