"Hər il sentyabr ayı gəldikdə, yəni yeni tədris ili başlayanda siniflərdə sıxlıq mğvzusu xüsusilə gündəmə gəlir. Həm sosial şəbəkələrdə, həm də mediada bu məsələ daim müzakirə olunur. Təəssüf ki, Nazirlər Kabinetinin sinif komplektləşməsi ilə bağlı normativ-hüquqi aktları çox zaman pozulur".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli məktəblərin ibtidai siniflərində olan şagird sıxılığından danışarkən bildirdi.
Onun sözlərinə görə, hələlik problemin alternativ həlli yoxdur.
"Məktəblərin sayı artırılmadığı müddətdə sinif sıxlığı problemi də davam edəcək. Əhalinin sıx məskunlaşdığı ərazilərdə, xüsusilə Bakı, Sumqayıt və Abşeronda bu daha qabarıq şəkildə müşahidə olunur. Əhali axını əsasən Bakıya, mərkəzi şəhərlərə yönəldiyi üçün burada sıxlıq yaranır. Hazırda sistem elektron qaydada yaşayış yerinə əsasən müraciətləri qəbul etsə də, bu, problemi tam həll etmir. Məsələn, ucqar ərazilərdə siniflərdə şagird sayı orta hesabla 30-a qədərdirsə, Bakının bəzi mərkəzi məktəblərində bu rəqəm 40-a çatır. Bunun səbəblərindən biri də nüfuzlu ibtidai sinif müəllimlərinə yüksək tələbatdır. Valideynlər əvvəlcədən plan quraraq həmin müəllimlərin siniflərinə üstünlük verirlər. Nəticədə bəzi siniflərdə 40 şagird olduğu halda, eyni məktəbin digər siniflərində bu say 25-30 arasında dəyişir. Bu isə sistemdə müəyyən qarışıqlığa səbəb olur".
Məzahir Məmmədlinin fikrincə, bütün hallarda problemin əsas həlli yalnız yeni məktəblərin tikintisindən və şagird sıxlığının azaldılmasından keçir, hazırda başqa real alternativ görünmür.
"Əlbəttə ki, siniflərdəki sıxlıq tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. Şagird sayı çox olan siniflərdə yüksək nəticə əldə etmək çətindir. Təsəvvür edin, 45 dəqiqəlik dərsdə 40 şagird varsa, hər birinə bir dəqiqə belə vaxt ayırmaq mümkün deyil. Bu da, təbii ki, tədrisin keyfiyyətinə mənfi təsir göstərir", - deyə təhsil eksperti fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI