RU

Qurban Qurbanov: “Futbolu azarkeşlər və nəticə üçün oynayırıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-offunda “Ferentsvaroş”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Macarıstan çempionları arasındakı cavab görüşü sabah Bakıda keçiriləcək.

Qurban Qurbanov bu gün təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hamımız bu oyunun önəmli olduğunu bilirik. Vacib oyundur. Amma həddindən artıq soyuqqanlı olmalıyıq. Əlbəttə, istək öz yerində, futbolçuların özlərinin düşüncəsi, qabiliyyəti öz yerində… Soyuqqanlı davranmağımız çox vacibdir. Çox yaxşı rəqibə qarşı oynayırıq. İlk matçdakı nəticə bir az bizim üstünlüyümüzü göstərir. Amma qətiyyən o oyunu düşünməli deyilik. Buradakı oyunda məğlub olmamalıyıq.

“Ferentsvaroş” çox təhlükəli rəqibdir, özünə xas oyun üslubu var. Hansı ki, bizim üçün meydanda düzgün yerləşməyə imkan vermirlər. Hər bir halda, rəqibin daha çox riskə gedəcəyini düşünürük. Buna hazır olmalıyıq. Oyuna baxdıq, bəzi detallarına toxunduq. Çalışacağıq ki, sabahkı görüşdə oyundan qopmayaq, sona kimi soyuqqanlı davranaq, yaxşı nəticə üçün əlimizdən gələni edək”.

“Topa sahib olmağa çalışacağıq” – Qurban Qurbanov

Qurban Qurbanov “Qarabağ”ın sabah daha çox nəticəyə hesablanmış oyun sərgiləyib-sərgiləməyəcəyi barədə sualı belə cavablandırıb:

“Bizim yaxşı nəticələrimiz həmişə öz oyun üslubumuza və qabiliyyətimizə görə olub. Bundan heç vaxt əl çəkməmişik. Nəticəni qorumaq üçün müdafiədən oynayacağıq düşüncəsi məndə də, futbolçularda da yoxdur. Sadəcə, sabah meydanda bizə lazım olanı, bacardığımızı etməyə çalışacağıq. Daha çox diqqət ayırdığımız daha baxımlı oynamaqdır. Topa sahib olmağa çalışacağıq. Belə düşüncəmiz yoxdur ki, qol buraxmamaq üçün sırf müdafiəyə qapanaq. Əksinə, biz ümumiyyətlə futbolu azarkeşlər və nəticə üçün oynayırıq.

Vurulan qollar çox önəmlidir. Daim tələbim odur ki, qol vuraq. Həm də qapımızı toxunulmaz saxlayaq. Çox oyunları necə oynamışıqsa, sabah da belə edəcəyik. Bizi hansı problem gözləyir, bunu öncədən deyə bilmərəm. Rəqibdən hansı sürpriz gözləyəcək, hansı basqını edəcək, onu sabah meydanda futbolçular hazır olmalıdılar. Rəqibin düşüncələrini həyata keçirməyə qoymamalıdırlar.

Səfərdəki oyundan sonra hamı sanki biz cütün qalibi kimi bizi görür. Bu da futbolçularda həyəcan yaradır. Onlar da buna hazır olmalıdır. Onlarla danışığım daha çox bu yöndədir, buna hazır olmalıdırlar. Bu rəqibə qarşı oyundan çıxsaq, oyundan kənar fikirlərə önəm versək, bizə çox mane olacaq. Ən birinci yerlərdə psixoloji hazırlıq durur. Bunu bacardığımızı düşünürəm”.

“Ən birinci yerlərdə psixoloji hazırlıq durur”

Qurban Qurbanov azarkeşlərlə də bağlı düşüncələrini dilə gətirib:

“Bizim azarkeşlər elə səviyyədədir ki, onlara ancaq təşəkkür etmək qalır. Onlar necə azarkeşlik etmək lazım olduğunu bilirlər. Hansı dəqiqələrdə, hansı anlarda komandanın yanında olmaq lazım gəldiyini də bilirlər. Futbolçu olduğumda da belə idi, indi də, onlara ancaq təşəkkür etmişəm. Hətta öz çempionat oyunlarımızda, azsaylı olanda da, onlara təşəkkürümü bildirmişəm. Onlar təşəkkürdən daha artığına layiqdirlər”.

Qurban Qurbanov Nəriman Axundzadənin durumundan da söz açıb:

“Vəziyyəti normallaşıb. Deməzdim ki, tam yaxşıdır. Amma bu günümüz də var. Sabah axşama kimi də, hər şey qaydasında olacaq”.

Qurban Qurbanov bu oyunun fransalı FİFA referisi Kleman Turpenə həvalə edilməsinin söz-söhbətə səbəb olmasına da münasibət bildirib:

“Mənim narahatlığım yoxdur. Çünki ümumiyyətlə, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi kiçik hadisə deyil. Turpen UEFA Çempionlar Liqasının, Avropa Liqasının finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın hakimlər komitəsinin ciddiyətini, bu oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatlıq olmalıdır. Hakimlər indi elə səviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də nə mənim, nə də komandanın hazırlığına təsir edəcək bir məsələ yoxdur”.

“Soyuqqanlı olmağa çalışacağıq” – Bəhlul Mustafazadə

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə isə mətbuat konfransında bunları dilə gətirib:

“Bu oyunun mahiyyətinin fərqindəyik. Hazırlığımızı buna uyğun tamamlamışıq. Sabah bizi ilk oyundan da çətin matç gözləyir. Amma görüşə hazırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə edək.

Bir azərbaycanlı üçün ÇL-in əsas mərhələsində oynamaq çox böyük uğurdur. Bununla yanaşı, artıq 2 dəfə pley-offda oynamışam. Sadəcə, keçə bilməmişik. Bu barədə təcrübəliyik. Sabah oyuna daha sakit yanaşırıq. Keçən oyundan sonra iki toplu üstünlüyün nə qədər tez arxadan qalxa biləcəyini bilirik. Ona görə də maksimum tərzdə sakitik. Sabah soyuqqanlı olmağa çalışacağıq”.

Избранный
5
12
arena.az

10Источники