RU

Təhsil krediti hansı tələbələrə verilir? - QAYDALAR

Ötən həftə ali təhsil müəssisələrinin qəbulun nəticələri açıqlanıb, müsabiqədə 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qeyd edək ki, illik təhsil haqqını ödəməkdə çətinlik çəkən bəzi kateqoriyadan olan şəxslər üçün təhsil kreditinin götürülməsi imkanı yaradılıb.

Modern.az Təhsil Tələbə Kreditindən kimlərin yararlana biləcəyinə dair suallara cavab tapmaq üçün sözügedən kontesktdə araşdırma aparıb:

Tələbə Təhsil Kreditlərinin növləri hansılardır? 

Azərbaycanda Təhsil Tələbə Kreditinin Sosial Təhsil Tələbə Krediti (Sosial TTK) və Standart Təhsil Tələbə Krediti (Standart TTK) olmaqla iki əsas növü mövcuddur.

Sosial TTK həssas təbəqələrə dəstək məqsədi daşıyır. Bu TTK növündən  yalnız sosial cəhətdən həssas qruplara aid tələbələr yararlana bilərlər. 

Sosial TTK-dan aşağıdakı kateqoriyalara daxil olan tələbələr istifadə edə bilərlər:

-    Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
-    III dərəcə əlilliyi olan şəxslər;

Həmçinin hər iki valideyni (və ya tək valideyni) aşağıdakı kateqoriyalara aid olanlar da bu kredit növündən yararlana bilərlər:

-    I və ya II dərəcə əlilliyi olanlar;
-    İşsiz kimi rəsmi qeydiyyatda olanlar;
-    Yaşa görə əmək pensiyası və ya sosial müavinət alanlar.

Bu tələbələr, təhsilin ilk ilinin birinci semestrindən etibarən sosial TTK-dən faydalana bilirlər.

Standart TTK növündə isə, sosial TTK-dan fərqli olaraq, akademik göstəricilər əsas götürülür.

Eyni zamanda sosial TTK alma hüququna malik olmayan digər tələbələr isə standart TTK üçün müraciət edə bilərlər:

- Birinci tədris ilinin ilk semestri üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş minimal həddən yuxarı olması tələb olunur:

- Digər semestrlər üçün tələbənin ÜOMG-si (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) 71 bal və ya daha yüksək olmalıdır (peşə təhsili müəssisələri üzrə bu, aralıq qiymətləndirmə balı ilə ölçülür); 

- Eyni zamanda, tələbə illik təhsil haqqının ən azı 20 faizini ödəməlidir.

Qeyd edək ki, TTK yalnız bir dəfə və yalnız hər semestr üzrə təhsilin normativ müddəti çərçivəsində verilir. Tələbənin sosial və ya akademik statusu dəyişsə belə, bu dəyişiklik həmin semestr üçün verilmiş kreditə təsir göstərmir.

TTK-nin əsas üstünlükləri hansılardır? 

Təhsil Tələbə Kreditinin əsas üstünlükləri aşağıdakılardır:
-    Zamin və girov tələb olunmur;
-    Kreditlər sığortalanır;
-    Kreditin maksimal məbləği və faiz dərəcəsi Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilir; 
-    Bütün müraciət prosesi və statusun yoxlanılması elektron informasiya sistemi üzərindən aparılır.

Əlavə olaraq, əgər TTK almaq üçün müraciətə imtina cavabı verilibsə, tələbə növbəti semestrdə yenidən müraciət edə bilər.

TTK nə zaman qaytarılmalıdır? 

TTK-nin qaytarılması tələbənin təhsili başa vurduğu və ya təhsil müəssisəsindən xaric olunduğu tarixdən sonra başlanır. Bundan əlavə, güzəşt dövründə tələbə əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa, kreditin qaytarılması bu fəaliyyətin başlandığı tarixdən etibarən qüvvəyə minir.

Lakin müəyyən hallarda kreditin qaytarılmasına möhlət verilir. Bu hallar aşağıdakılardır:

- Yuxarı təhsil səviyyəsində əyani təhsil alma;

- Həqiqi hərbi xidmət;

- 4 ildən çox olmayan azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması;

- İşləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;

- Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və ya I dərəcə əlilliyi olan şəxslərə qulluq.

Bundan əlavə, müvafiq qanun vericiliyə əsasən,  borcalan tərəfindən ödənilməyən kredit onun valideyni, qohumu, işəgötürəni və ya digər şəxs tərəfindən də qaytarıla bilər.

Избранный
10
1
modern.az

2Источники