RU

Almaniya Fələstin dövlətinin tanınması məsələsində müttəfiqlərinə qoşulmayacaq

Bakı, 26 avqust, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts çərşənbə axşamı günü bəyan edib ki, onun ölkəsi Fələstin dövlətçiliyinin tanınmasını dəstəkləməyəcək. Berlində Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransı zamanı Kansler bildirib ki, Almaniya gələn ay BMT Baş Assambleyasında Fələstini tanımaq planlarında müttəfiqləri Kanada, Avstraliya və Fransaya qoşulmayacaq.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Merts əlavə edib: “Kanada hökuməti və Baş naziri Almaniya federal hökumətinin Fələstinin dövlət kimi tanınması ilə bağlı mövqeyindən xəbərdardır. Biz bu təşəbbüsü dəstəkləməyəcəyik”.

Kansler bir jurnalistin sualına cavabında deyib: “Hazırda dövlətin tanınması üçün şərtlərin tam şəkildə yerinə yetirildiyini hesab etmirik və bu səbəbdən həmin məsələdə fikir ayrılığımız qalmaqdadır. Son bir neçə gün və saatlarda baş verən hadisələr bizim mövqeyimizi dəyişməyib. Biz bu addımı payızın sonunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının gündəliyinə daxil etməyəcəyik. Amma bir daha qeyd edirəm ki, müttəfiqlərimiz bizim bu məsələ ilə bağlı fərqli fikirlərimizi yaxşı bilirlər”.

Merts, həmçinin Aİ-nin digər üzv ölkələrinin İsraillə əsas ticarət sazişini dayandırmaq və ya ifrat sağçı İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etmək təkliflərini dəstəkləməkdən imtina edib.

Almaniya hökuməti uzun müddətdir ki, İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllini dəstəkləyir, lakin Fələstinin dövlətçiliyinin tanınmasının sülh prosesindən əvvəl deyil, diplomatik danışıqlardan sonra aparılmalı olduğunu müdafiə edir.

Almaniyanın ictimai yayım şirkəti ZDF tərəfindən aparılan son sorğu göstərir ki, Merts hökumətinin mövqeyinə baxmayaraq, almanların əksəriyyəti Fələstin dövlətinin tanınması tərəfdarıdır. Sorğu nəticəsində məlum olub ki, respondentlərin 60%-i Almaniyanın Fələstini dövlət kimi tanımasının tərəfdarıdır, yalnız 22%-i buna qarşıdır, 18%-i isə qərarsızdır.

 

Избранный
18
azertag.az

1Источники