RU

Rusiyada yeni yanacaq böhranı  

Son zamanlar Rusiyada qiymət artımı və regionlara tədarükdə problemlər müşahidə olunan benzin qıtlığı yaşanır. Vəziyyət 2025-ci ilin avqustunda xeyli pisləşib və bunun əsas səbəbləri Ukraynanın pilotsuz təyyarələrinin neft emalı zavodlarına hücumlarının nəticələri, habelə logistik və iqtisadi amillərdir.

Rusiya növbəti dəfə benzin böhranı yaşayır: qiymətlər qalxır, bəzi yanacaqdoldurma məntəqələrində isə sadəcə olaraq yanacaq tükənib. Bu problem yeni deyil, lakin 2025-ci ildə müharibə ilə bağlı bir sıra amillərə görə böhran əvvəlkindən daha dərin və uzunmüddətli ola bilər.

Ancaq yerli ekspertlərin fikrincə,  hələlik vəziyyət çətin, lakin idarə oluna bilən görünür. Dövlətin böhranın şiddətini azaltmaq üçün alətləri var.  Bildirildiyinə görə, nəqliyyat sektoru, sənaye, kənd təsərrüfatı və  Rusiya dövləti üçün prioritet olan  ordu yaxın gələcəkdə yanacaq çatışmazlığı ilə təhdid edilməyəcək.

Rusiyada benzin böhranları Ukraynanın işğalından əvvəl - məsələn, 2011, 2018 və 2021-ci illərdə də baş verib. 2023-cü ildə növbəti böhran olub . Onun səbəbi hökumətin istehsalçılara kompensasiyaları azaltmaqla büdcəni tarazlaşdırmaq üçün səriştəsiz cəhdləri idi. 

2024-cü ildə yanacaq bazarı nisbətən sabit qalıb, baxmayaraq ki, Rusiya neft emalı zavodlarına dron zərbələri məhz o vaxt endirilməyə başlayıb.

Mənfi nəticələr, hücumların çoxsaylı, lakin dağınıq olması ilə azaldılıb. Adətən, hər neftayırma zavoduna  birdən artıq zərbə endirilməyib, zərər bir neçə gün, maksimum üç həftə ərzində aradan qaldırılıb, qonşu neft emalı zavodları isə fasiləsiz fəaliyyətini davam etdirib. Nəticədə, 2024-cü ilin pilotsuz uçuş kampaniyası Rusiya neft sənayesi üçün narahatçılıq və xərclərlə yekunlaşıb, lakin böyük problemlər olmayıb.

2025-ci il  avqustun 2-də başlayan yeni hücum dalğası isə fərqli xarakter daşıyır. Göründüyü kimi, Ukrayna indi xeyli böyük dron ehtiyatına malikdir və Rusiyanın hava hücumundan müdafiə sistemini həddən artıq yükləyən müntəzəm kütləvi hücumlar həyata keçirməyə qadirdir. Bundan əlavə, dronların naviqasiya imkanları nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

Ukrayna tərəfinin hazırkı taktikası 2024-cü ildə olduğu kimi, təkcə hasilat həcmini azaltmaq deyil, istismardan çıxarılana qədər zavodlara maksimum ziyan vurmaq üçün kütləvi hücumlar həyata keçirməkdir.

 Eyni zamanda, Ukrayna daimi hücumları davam etdirmək imkanına malikdir: artıq zədələnmiş neftayırma zavodlarına təkrar zərbələr endirilir, onların istehsal potensialının bərpası ləngiyir.

2025-ci il avqustun ortalarına qədər Rusiyadakı Uxta, Ryazan, Saratov və Volqoqrad neft emalı zavodları, həmçinin Samara qrupunun hər üç zavodu (Sızran, Novokuybışev və Samara) zədələnib. Bundan əlavə, Rostov vilayətində və Krasnodar diyarındakı zavodlar mütəmadi olaraq hücumlara məruz qalır.

Kəsirin nəticələrini həm sadə vətəndaşlar, həm də biznes hiss edir. Rusiya bölgələrində yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranır ki, bu da yanacağın kəskin çatışmazlığından xəbər verir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
22
azerbaijan-news.az

1Источники