RU

Deputatdan Nəsiminin məzarı ilə bağlı təklifə REAKSİYA

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Əsəd hakimiyyəti dövründə məzar baxımsız vəziyyətdə qalıb, vətəndaş müharibəsi illərində isə onun bəzi hissələri zərər görüb. Bəziləri onun məzarının vətənə köçürülməsinin milli dəyər və mənəvi borc olduğunu düşünür, digərləri isə bu addımın tarixi, mədəni və dini baxımdan mübahisəli olduğunu deyirlər.

Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Elnarə Akimova bildirib ki, bu, kifayət qədər düşündürücü məsələdir. Onun sözlərinə görə, Nəsiminin qəbrinin Hələbdə yerləşməsi 600 il əvvəl  Hələbdə Azərbaycan dilinin necə böyük bir mədəniyyəti təmsil etməsinin, Azərbaycan dilinin necə geniş əhatə dairəsinə malik olmasının göstəricisidir:

“600 il əvvəl Azərbaycan türklərinin ərəb torpaqlarında irfan dilini necə vüsətlə poetik dil statusu qazandırmalarının təkzib olunmayan ifadəsidir. Nəsiminin məzarını 1968-ci ilin noyabrında Hələbə səfər etmiş Rəsul Rza aşkar etmişdi. Yəni 600 il Hələb şəhəri Azərbaycan şairinin məzarını ehtiramla qorumuşdur. Məzarın yaxınlığından keçən küçə də Nəsiminin adını daşıyır. Eyni sözləri Füzulinin Kərbəladakı məzarına da aid etmək olar və bunu heç bir halda Hüseyn Cavidin qərib məzarının tapılıb vətənə gətirilməsi ilə müqayisə etmək mümkün deyil. Cavid sovet hökuməti tərəfindən həbs olunub sürgün edilmiş və sürgündə də dünyasını dəyişmişdi. Ümummilli lider Heydər Əliyev elə həmin rejimin mövcud olduğu dönəmdə bu tarixi addımı atdı. Onun adsız-ünvansız məzarını həbs düşərgəsinin məzarlığından tapıb vətənə gətirdi. Ümummilli liderin bu hərəkəti bütün dünyada əks-səda verdi. Dünyaya isbat olundu ki, SSRİ burada yaşayan xalqların vahid vətəni deyil”. 

Deputat əlavə edib ki, Nəsiminin yaşadığı dövrdə ərəb torpaqlarında hakim qüvvə türklər olub:

“İstər Məmlüklü dövləti, istər Osmanlı və s. Məncə Hələbdə Nəsiminin nəslinin nümayəndələri indi də Nəsimi baba soyadı ilə yaşayırlar. 1968-ci ildə Rəsul Rzanı Nəsimi məzarının ziyarətinə “zahirən şirvanlıya bənzəyən” Hikmət Nəsimi adlı bir nəfər aparmışdı. Və məzar Nəsimilərin ailə məzarlığındaydı.

Heykəli Bakıdadır. Bəzi əlyazmaları İstanbulda, məzarı isə Hələbdə. Nəsimi dünyası 600 ildir ki, hər üç ünvanda bərqərardır”,- deyə E.Akimova qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
modern.az

6Источники