Futbol üzrə Mali millisinin və İtaliyanın “Atalanta” klubunun mərkəz hücumçusu El Bilal Ture bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı forvardla müqavilənin müddəti və transferin digər detalları açıqlanmır.
El Bilal Ture peşəkar karyerasına “Reyms”də başlayıb. O, 2022-ci ilin sentyabrında 8 milyon avro qarşılığında “Almeriya”ya keçib. “Atalanta” isə Tureni 2023-cü ilin yayında 30,2 milyon avroya transfer etmişdi. Hücumçu İtaliya klubunun heyətində 17 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsüm hücumçu Almaniyanın “Ştutqart” klubunda da icarədə olub – 17 oyun, 3 qol, 1 assist.
Ture 2020-ci ildən Malinin əsas yığmasında forma geyinir. O, millidə artıq 25 matç keçirib, 9 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
“Beşiktaş” Şotlandiyanın “Reyncers” klubunun sol cinah müdafiəçisi Rıdvan Yılmazı da transfer edib. 24 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. “Qara qartallar” bu transfer üçün şotlandlara 2,9 milyon avro ödəyiblər.
Rıdvan Yılmaz elə “Beşiktaş”ın yetirməsidir. İstanbul klubu onu 2022-ci ildə “Reyncers”ə 4 milyon avroya satmışdı. Vaxtilə “Beşiktaş”ın əsas komandasında 62 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə etmiş futbolçu “Reyncers”də 77 oyun keçirib, 2 qol vurub, 6 assist müəllifi olub.
Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçu 2021-ci ilin yayında əsas millidə debüt edib. O, millinin heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.
“Beşiktaş” üç futbolçusu ilə də yollarını ayırıb. 32 yaşlı sağ cinah müdafiəçisi Tayfur Bingöl “Kocaelispor”a keçib. Təcrübəli futbolçu yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
Doruk Tuğrul isə “Kırklarelispor”a icarəyə verilib. 19 yaşlı yarımmüdafiəçi bu mövsümün sonunadək icarədə olacaq.
Serkan Emrecan Terzi də “Serikspor”a icarəyə verilib. O da bu mövsümün sonunadək icarədə olacaq.