Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin müqavilə-hüquq bazasını ötən dövrdə imzalanmış 87 sənəd təşkil edir. 2007-ci ildə iki ölkə arasında əməkdaşlığın institusional mexanizmi kimi Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası yaradılıb. Komissiyanın sonuncu (4-cü) iclası 2019-cu ilin mayın 17-də Bakı şəhərində keçirilib.
Bu barədə Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Azərbaycan-ABŞ ticarət əməkdaşlığının son illərdə yüksələn xətlə inkişaf etdiyini vurğulayan nazir bildirib ki, 2024-cü ildə ticarət dövriyyəsinin həcmi 1,7 milyard, o cümlədən idxalın həcmi 1,6 milyard, ixracın həcmi 135 milyon ABŞ dolları təşkil edib. 2023-cü illə müqayisədə 2024-cü ildə ticarət dövriyyəsi 94 faiz artıb.
Bu dövrdə ABŞ Azərbaycanın xarici ticarət dövriyyəsində 5-ci , o cümlədən idxalda 4-cü, ixracda isə 24-cü yeri tutub.
2025-ci ilin ilin yanvar-iyun aylarında da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 60 faiz artıb.