RU

Azərbaycanın dövlət maliyyəsi fərqli üsulla idarə olunacaq - korrupsiyanın, mənimsəmənin sonu(?)...


Vüqar Bayramov: “Əsas məqsəd maliyyə sistemində şəffaflığın daha da gücləndirilməsinə nail olmaqdır”

Prezident İlham Əliyev ölkədə fiskal siyasətin təkmilləşdirilməsi və dövlət maliyyəsinin idarə olunmasında rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Maliyyə Nazirliyi tərəfindən ölkənin büdcə, vergi, gömrük, dövlət rüsumları, dividendlər, mühasibat uçotu, dövlət maliyyə nəzarəti və dövlət xəzinədarlığı sahələrində səmərəliliyin artırılması məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılacaq. Fərmanın əsas məqsədləri: - Dövlət büdcəsi gəlir mənbələrinin təkmilləşdirilməsi; - Büdcə xərclərinin optimallaşdırılması; - Rəqəmsal nəzarət və hesabatlılıq mexanizmlərinin qurulması; - Maliyyə intizamının gücləndirilməsi; - Dövlət müəssisələrinin və publik hüquqi şəxslərin maliyyə fəaliyyətinin şəffaflaşdırılması.

Ümumilikdə, bu qərar dövlət vəsaitlərinə nəzarətin güclənməsində praktiki baxımdan nə kimi rol oynayacaq və yaxud da oynaya bilər?

“Bu, həm də digər istiqamətlərdə, o cümlədən, sosial istiqamətə büdcədən daha çox vəsaitin ayrılmasına imkan yarada bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov buna bir neçə aspektdən yanaşdı: “Rəqəmsal dövlət maliyyəsinin əsas məqsədi bütövlükdə maliyyə sistemində şəffaflığın daha da gücləndirilməsinə nail olmaqdan ibarətdir. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə, şəffaflığın gücləndirilməsi iqtisadi siyasətin əsas prioritetlərindəndir. O cümlədən, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı daha şəffaf elektron sistemin qurulması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Yeni sistemin qurulması birmənalı şəkildə bir tərəfdən proseslərin daha da elektronlaşmasına, eyni zamanda elektron olaraq proseslərə nəzarət olunmasına, informasiyaların toplanmasına və daha asan işlənməsinə imkan yaradacaq. O baxımdan cənab Prezident tərəfindən imzalanmış son sənəd birmənalı şəkildə dövlət maliyyəsində daha şəffaf və səmərəli mexanizmlərin, sistemlərin qurulmasına öz töhfəsini verəcək. Xüsusən də informasiyalara əlçatanlığın artırılması və bununla da büdcə vəsaitlərinin xərclənməsinə imkan yaradacaq. Təbii ki, büdcə vəsaitlərinin şəffaf xərclənməsi eyni zamanda büdcə vəsaitlərinin səmərəliliyi və qənaət baxımından vacibdir. Bu, həm də digər istiqamətlərdə, o cümlədən, sosial istiqamətə büdcədən daha çox vəsaitin ayrılmasına imkan yarada bilər. Fiskal siyasət avtomatik tənzimləyicilər vasitəsilə də həyata keçirilə bilər. Bu mexanizm vasitəsilə fiskal siyasətdə qərarın qəbul edilməsindəki gecikmənin səbəb olacağı mənfi effektlər minimum səviyyəyə endirilir. Bu tənzimləyicilərə misal olaraq, işsizliyin səviyyəsi artdıqca işsizlərə verilən müavinətlərin ümumi həcminin artmasını və gəlir azaldıqca vergi dərəcəsinin azalmasını göstərmək olar”.

Vidadi ORDAHALLI

Избранный
24
baki-xeber.com

1Источники