Ötən gecə baş verən zəlzələ nəticəsində Sumqayıtda yerləşən obyektlərdən birində akvaryum partlayıb.
Busaat.az xəbər verir ki, hadisəyə aid görüntülər sosial şəbəkələrdə yayılıb.
Obyekt sahibinin sözlərinə görə, akvaryumun partlaması nəticəsində bir ton su və akvaryumdakı balıqlar yerə dağılıb.
Qeyd edək ki, gecə saatlarında Xəzər dənizi sahillərində güclü zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, onun ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub.
Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında – Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.