RU

Boş qalan plan yerləri: ixtisas seçənlərin nəzərinə!

Avqustun 28-dən sentyabrın 2-dək ali təhsil müəssisələrinin boş qalan plan yerləri üzrə ixtisas seçimi həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, bu il ali məktəblərə qəbul planı 96.27 faiz dolub. Məhz bu mərhələdə boş qalan yerlərə seçimlərin düzgün aparılması məsələsi gündəmə gəlir.

Modern.az-a açıqlamasına təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, bu məsələdə iki əsas nüans var. Birincisi, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, ikincisi isə həqiqətən də istədikləri, arzuladıqları ixtisasa qəbul olmaq istəyənlər.

O bildirib ki, 600 baldan yuxarı nəticə toplayan abituriyentlərin qəbul ola bilməməsi halları, hər il olduğu kimi bu il də müşahidə olunub:

“Sözügedən məsələni ekspertlər müxtəlif səbəblərlə izah etsələr də, əsas və real səbəblərdən biri ondan ibarətdir ki, bəzi abituriyentlər yalnız öz istədikləri ixtisasları seçirlər. Biz də öz təcrübəmizdə tez-tez belə əzmli gənclərlə rastlaşırıq.

Məsələn, bir abituriyent deyir ki: “Mən yalnız Tibb Universitetinə qəbul olmaq istəyirəm. Əgər bu il qəbul ola bilməsəm, gələn il yenidən hazırlaşacağam”. Eyni yanaşmanı digər yüksəkballı və iddialı abituriyentlərdə də görmək olur. Bu hallarda bəziləri düzgün ixtisas seçimi etmədiklərini düşünsə də, əslində həmin gənclərin məqsədyönlü və özlərinə inamlı olduqlarını görmək mümkündür”.

Təhsil eksperti əlavə edib ki, maraqlısı budur ki, bir neçə il sonra bu tələbələrin əksəriyyəti məqsədlərinə çatır və daha yüksək nəticələr əldə edirlər:

“Digər bir yanaşma isə belədir: “Hansı ixtisas olursa-olsun, əsas odur ki, ali təhsil müəssisəsinə qəbul olum”. Bu düşüncədə olan abituriyentlər üçün əsas diqqət yetirilməsi lazım olan məqam odur ki, 15 ixtisas seçimini düzgün dəyərləndirsin və kodlaşdırmanı diqqətlə aparsınlar”.

O həmçinin vurğulayıb ki, əgər məqsəd daha yaxşı ixtisasa və dövlət sifarişi əsasında (ödənişsiz) təhsilə qəbul olmaqdırsa, bu zaman iş bir qədər çətinləşir:

“Belə hallarda abituriyentlər topladıqları bala uyğun şəkildə real analiz aparmalı və seçimini ona uyğun etməlidirlər.

Yekun olaraq, ixtisas seçimi zamanı seçimdən kənarda qalan abituriyentlərin sayına və digər statistik göstəricilərə nəzər salmaq, təhlil aparmaq və ondan sonra qərar vermək çox vacibdir”,- deyə S.Abdullayev bildirib.

Избранный
6
2
modern.az

3Источники