RU

Dünyanın diqqəti yenidən Bakıya yönələcək

Azərbaycan bir çox beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etmək sahəsində böyük təcrübə qazanıb. Bu beynəlxalq tədbirlər sırasında I Avropa Oyunlarını, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını, UEFA Avropa Liqasının final oyununu və digərlərini sadalamaq olar. Azərbaycanın ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlərdən biri də dünyanın ən nüfuzlu yarışlarından sayılan Formula 1 yarışlarıdır. Artıq neçə ildir ki, bu yarışlar Bakıda yüksək səviyyədə təşkil edilir, dünya miqyasında təqdir olunur, hətta örnək kimi dəyərləndirilir.

Sentyabrın 19–21-də Bakı növbəti dəfə bu dünya miqyaslı idman tədbirinə ev sahibliyi edəcək. Artıq paytaxtımızda baş tutacaq Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisinin startına sayılı günlər qalıb. Bəli, dünyanın ən sürətli pilotları, ən güclü komandaları bir daha Azərbaycanın paytaxtında görüşəcəklər. Şübhəsiz, Formula 1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın həm də idman ölkəsi olduğunu təsdiq edir.

Xatırladaq ki, Bakı ilk dəfə 2016-cı ildə Formula 1-ə ev sahibliyi edib və bu tarixdən etibarən hər il yadda qalan anlara imza atıb.  Azərbaycan Qran-Prisi təkcə yarış deyil, həm də şəhərin mədəni həyatında mühüm rol oynayan tədbirdir. Müxtəlif illərdə yarışla paralel olaraq keçirilən konsert proqramlarında dünya ulduzları çıxış ediblər. Bu dəfə də belə olacaq. Belə ki, Britaniyanın alternativ pop və elektron musiqi səhnəsinin parlaq ulduzu Glass Animals sentyabrın 20-si Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək.

Onu da vurğulayaq ki, Bakı şəhər trası Formula 1 üzrə dünya çempionatının azsaylı traslarından biridir ki, marşrutun bir hissəsi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin yaxınlığından keçir. Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında enişli-yoxuşlu dar keçidlərini, Xəzər dənizinə möcüzəvi mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən unikal bir trekdir. Bu coğrafi və vizual özəllik Bakı trasını digərlərindən fərqləndirir.

Mütəxəssislərin fikrincə, Formula 1 Azərbaycan Qran-Prisi təkcə idman yarışı deyil, həm də ölkənin brendinə çevrilmiş beynəlxalq idman və mədəniyyət platformasıdır. Bu tədbir həm turizm, həm iqtisadiyyat, həm də beynəlxalq əlaqələrin inkişafı baxımından önəm kəsb edir. Bu mənada bu yarış Azərbaycana bir sıra töhfələr bəxş edəcək. Həm də dünya bu tədbir vasitəsilə müstəqillik yolu ilə uğurla addımlayan, müstəqil siyasət yürüdən Azərbaycanı bir daha tanıyacaq, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialına bir daha bələd olacaq. Şübhəsiz, beynəlxalq idman yarışlarında böyük təcrübəsi olan Azərbaycan bu tədbiri də uğurla başa çatdıracaq və nələrə qadir olduğunu bir daha dünyaya nümayiş etdirəcək.

Yeri gəlmişkən, mübarizə aparan iştirakçıların sayı digər idman tədbirlərindən  az olsa da, bu avtomobil  yarışı tamaşaçı sayına görə yalnız futbol üzrə dünya çempionatından və Olimpiya oyunlarından geri qalır. Belə ki, dünyanın 180-dən çox ölkəsində canlı yayımlanan bu yarışı milyonlarla insan izləyir. Şübhəsiz, Formula 1 yarışlarını yerində canlı izləmək üçün ölkəmizə minlərlə əcnəbi də gələcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına görə, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə 12 tribunadan 9-nun biletləri satılıb: “Tikinti işləri də, demək olar ki, yekunlaşıb”.

Qeyd edək ki, Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib. Prezident İlham Əliyev bununla bağlı avqustun 25-də Sərəncam da imzalayıb. Sərəncama əsasən, bu il Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan beynəlxalq hava limanlarında viza ala biləcəklər. Sərəncama əsasən, Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq, akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya  digər sənəd, Bakıda keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını özündə ehtiva edən sənədlərdən biri viza verilməsi üçün əsas hesab olunur.

Sentyabr ayında Azərbaycan daha bir mötəbər tədbirə də ev sahibliyi edəcək. Belə ki, ölkəmizin yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə sentyabrın 28-dən oktyabrın 8-dək III MDB Oyunları  keçiriləcək. Prezident İlham Əliyevin ötən il dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə dediyi kimi, Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
35
ikisahil.az

1Источники