RU

Kəlbəcər şəhərinin daxili yollarının tikintisi sürətlənir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və yüksək keyfiyyətlə icra olunur.

Xatırladaq ki, Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də Prezident İlham Əliyevin rayona səfəri zamanı qoyulub.

AAYDA-dan verilən məlumata görə, ümumi uzunluğu 26,5 km olan şəhərdaxili yolların birinci mərhələdə 18,9 km-lik hissəsində tikinti işləri aparılır. Yollar 4 müxtəlif en kəsiyinə uyğun inşa edilir. Bu kəsiklərə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-dən 4-ə qədər, hərəkət zolaqlarının eni 3-3,5, yaşıllıq zolaqlarının eni 1,5-3, velosiped zolaqlarının eni 0,7-1,5, piyada səkilərinin eni isə 2-4 metrdir. Yolların torpaq yatağının eni 12, 18, 24 və 30 metr olmaqla dəyişir.

Hazırda birinci mərhələdə şəhər küçələri boyunca kommunikasiya xətlərinin - su, kanalizasiya, yağış suları, qaz, rabitə və elektrik xətlərinin tikintisi işləri demək olar ki, başa çatmaq üzrədir. Bu məqsədlə müxtəlif diametrli borular və texniki quyular quraşdırılır, həmçinin bordür və tamet daşlarının düzülməsi işləri aparılır.

Layihə çərçivəsində tikinti işlərinin 76 faizi artıq yerinə yetirilib. 

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 2026-cı ildə tam başa çatdırılması nəzərdə tutulur.

Lazım QULİYEV,

"Azərbaycan"

Избранный
35
10
azerbaijan-news.az

10Источники