Ağdam rayonunda iki azyaşlı uşağın valideynləri tərəfindən amansızcasına döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb. Uşaqlar ağır vəziyyətdə Ağdam Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ata – Sadıq Rəhimov – polis tərəfindən saxlanılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, 2 və 3 yaşlı uşaqların valideynləri tərəfindən döyülməsi faktı ilə bağlı hərtərəfli istintaq aparılır.
Hazırda hər iki uşaq müalicə olunur, üç yaşlı uşağın vəziyyəti ağırdır və onun Bakıya göndərilməsi məsələsi nəzərdən keçirilir. Dövlət komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi prosesi nəzarətə götürüb.
İlkin məlumata görə, hər iki valideyn saxlanılaraq istintaq orqanlarına təhvil verilib və onların valideynlik hüququndan məhrum edilməsi məsələsi gündəmdədir.
Məlumata əsasən, uşaqlardan biri əvvəllər də dəfələrlə döyülüb və uşaq evinə yerləşdirilsə də, sonradan məhkəmə qərarı ilə anası Sevinc Rəhimovaya qaytarılıb.
N.Təbrizli