RU

Nəriman Axundzadə hansı fürsəti əldən verdi? - Yadına düşmədi...

Dünən “Qarabağ” Azərbaycan futbolu adına yenidən tarix yazdı. Azarkeşlər, atmosfer və s. – hamısı sanki əl-ələ verib “atlıları” Çempionlar Liqasına çıxardı.

Oyundan sonra Qurban Qurbanov suallara həmişəki kimi təmkinli, məsuliyyətli cavablar verdi. Bu dəfə xırda fərq var idi - hocanın səsi sevindiyindən batmışdı.

Keçək tez-tez tənqidlərə tuş gələn Nəriman Axundzadənin göstərdiyi performansa: son oyunlar yaxşı formada olması ilə diqqət çəkir. Necə deyərlər, can qoyur. Bu da onun özü üçün, karyerası üçün, azarkeşlərlə münasibəti üçün yaxşı gələcək vəd edir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, zirvəyə doğru irəliləyərkən yalnız meydandakı oyununla deyil, davranış və danışığınla da müsbət mənada özünü nümayiş etdirməyi bacarmalısan. Nəriman dünən oyundan sonra ya sevindiyindən, ya fikirlərini düzgün ifadə edə bilmədiyindən, ya da qürurundan jurnalistin sualını cavablandırarkən qeyri-adekvat sözləri ilə yadda qaldı. O, tənqidlərlə bağlı suala qısaca “fikir vermirəm” deməklə ola bilsin demək istəyib: “Əsasən öz üzərimdə işləməklə məşğulam, deyilən neqativ sözlərə vaxt ayıra bilmirəm. Əgər ayırsam, motivasiyam düşə bilər”. Amma demədi. Qısa cavab mənfi düşüncədə olanların fikirlərini daha da alovlandırır. Dünən elə bir gün idi ki, bəlkə də, hamı sevincli olduğu üçün Nərimanı bağışladı, yaxud bağışlaya bilər. Lakin davamlı xarakter aldıqda özünün də arzulamadığı reaksiyalarla qarşılaşa bilər.

Elvin Cəfərquliyevdəki kimi… Məsələn, yüksək performans ortaya qoysa da, aqressiv davranışları ilə o qədər tənqid olundu ki, artıq biz əvvəlki cığalçı Elvini görmürük. Hərdən yadımıza düşəndə deyirik ki, “çoxdandır qırmızı vərəqə almır, əhsən”.

Nərimanın yaşı azdır, nə qədər yazsaq da, dəli-dolu münasibət göstərib əsəbiləşə bilər, tənqidlərlə barışmaya bilər. Amma çətin olsa da, milyonlarla insan qarşısına çıxırsansa, deyilənlərə və ya deyiləcəklərə barmaqarası baxmaq ziyanlıdır. 

Axundzadə “fikir vermirəm” demək əvəzinə, onu tənqid edənlərin də ürəyini fəth edə bilərdi. Fürsət idi. Hamı sevinclidir, qələbə və ortada yaxşı performansı var. Bir də nə vaxt belə böyük imkan düşəcək?! 

Deyə bilərdi: “Əlbəttə, tənqidlər insanın inkişafına səbəb olan amildir. Çatışmazlıqlarımız kənardan daha yaxşı görünür. Əlimizdən gələni edirik ki, azarkeşlərimizi sevindirək. Ümid edirəm, bu gün onların könlünü fəth edə bildik. Bu gün hamımız sevincliyik”. Ola bilsin, həyəcandan deyəcək sözlərini də unudub. Bəlkə də, ağzından mənfi sözlər çıxarmağa ehtiyat edib. Amma Nərimanın Qurban Qurbanov kimi hocası var. Onun necə çıxış etdiyini yəqin ki, görür, dinləyir. Təbii ki, məşqlərdə daha çox sərt üzünü görür, lakin ictimaiyyət qarşısında məsələ fərqlidir.

Hər bir halda təbriklər, “Qarabağ”! Nəriman futbolçu kimi oyununu düzəldə bilirsə, çıxışını da yoluna qoymağı bacarar.

Samir Mirzə
 

Избранный
20
olke.az

1Источники