RU

Qarabağ Universitetinin tələbəsi: “Tarixi zəfərin yaşandığı torpaqlarda oxumaq mənim üçün böyük qürurdur"

Xəbər verdiyimiz kimi, 2025/2026-cı tədris ili üçün 600-dən yuxarı bal toplayan 127 nəfər gənc Qarabağ Universitetinin tələbəsi adını qazanıb. 

Operativ Media xəbər verir ki, həmin tələbələrdən biri də Nuran Ədilzadədir.

O, 654 balla Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsinə qəbul olub.

Nuran Ədilzadə deyir ki, tarixi zəfərin yaşandığı torpaqlarda təhsil almaq onun üçün böyük qürurdur:



"Tarixi zəfərin yaşandığı bu torpaqlarda təhsil almaq mənim üçün böyük qürurdur. Qarabağ Universitetini seçməyimin əsas səbəblərindən biri yeni dövrün tələblərinə cavab verən, yüksək keyfiyyətli təhsil mühitinin yaradılmasıdır. Xüsusilə tibb fakültəsində tələbələrin nəzəri biliklərlə yanaşı, birinci kursdan etibarən praktiki təcrübələrə cəlb olunması çox önəmli amildir".

O, nailiyyətində əsas amillər kimi intizamlı oxunu, hər günün səmərəli istifadəsini və gələcək hədəflərə fokuslanmanı göstərib:

"Yüksək bal toplamağımın əsas sirri qarşıya qoyulan məqsədə çatmaqdır. Motivasiya hər zaman yüksək olmalı, çətinliklər qarşısında geri çəkilməməlisən. Mənim nəticəyə çatmağımda ailəmin, müəllimlərimin və dostlarımın inamı və dəstəyi də böyük rol oynayıb".

"Universitetə hazırlıq dövründə əsas prioritetlərim vardı: ilk olaraq sağlam oxu rejimi qurmaq – həm öyrənməyə, həm də istirahətə vaxt ayırmaq. İkinci məqsədim hər mövzunu yalnız imtahana görə deyil, gələcək peşə həyatımda istifadə edə biləcəyim bilik kimi öyrənmək idi. Üçüncü vacib məqam isə davamlılıq idi – hər gün müəyyən qədər oxumaq və imtahana qədər işi son günlərə saxlamamaq", - Nuran Ədilzadə qeyd edib.

Operativ Media-nın digər müsahibi isə 595,7 bal ilə Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olan Kərəmcan Kərimlidir.

O, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur. Orta məktəbi qızıl medal və fərqlənmə attestatı ilə bitirib.

Boş vaxtlarında ofisiant işləyən Kərəmcan Kərimli elə tələbə olduğunu da işdə öyrənib. Onun öz sevincini bölüşdüyü video isə qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Kərəmcan Kərimli Qarabağ Universitetini seçməyinin səbəblərindən danışıb:

"Hazırda Qarabağ Universiteti diqqət mərkəzindədir. Həmçinin həmin universitetdə təhsil alan yaxınlarım, tanışlarım və dostlarım orada təhsilin keyfiyyətli olmasından, tələbələrə nəzarətin və diqqətin yüksək olmasından danışırlar. Bu fikirlər mənim Qarabağ universitetinə marağımı daha da artırdı".

O, yüksək nəticə göstərməyinin planlı şəkildə çalışmağından irəli gəldiyini vurğulayıb:

“Yüksək nəticə göstərməyimin sirri, ilk növbədə çox çalışmaq, əzmkar olmaq və planlı şəkildə fəaliyyət göstərməkdir. Bununla yanaşı, valideyn nəzarəti, intizam və ən əsası isə seçdiyim ixtisasa olan sevgi uğuruma böyük təsir göstərib.”

Qeyd edək ki, Qarabağ Universiteti 2024-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb. Təhsil ocağının tələbə qəbulu üzrə əsas hədəfi müxtəlif ixtisaslarda orta qəbul balını yüksəltməklə universitetə yüksək hazırlıqlı tələbələrin cəlb olunmasıdır.

Xatırladaq ki, Qarabağ Universitetində qəbul prosesi yalnız dövlət sifarişi əsasında aparılır.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə​​​​​​ işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanıb.

Избранный
5
operativmedia.az

1Источники