RU

Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub  

Laçın şəhərində keçirilən “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov layihənin bu il "MDB-nin mədəniyyət paytaxtı" olan Laçın şəhərinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verdiyini söyləyib.

Xüsusi nümayəndə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş digər torpaqlarımız kimi, Laçın rayonunda da geniş infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Laçın şəhərində gənclərin istedad və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb. Şəhərdə qurulan kinostudiya, yaradıcılıq mərkəzi, qalereyalar və s. burada mədəni mühitin canlandırılması baxımından böyük əhəmiyyət kəsb edir. Məsim Məmmədov Laçında gerçəkləşən beynəlxalq mədəniyyət layihələrinə dəstək verən qurumlara və şəhərə təşrif buyurmuş yaradıcı gənclərə təşəkkürünü bildirib.

Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev deyib ki, 26 avqust - Laçın Şəhəri Gününə həsr olunan gənclər düşərgəsinin MDB ölkələri arasında mədəni inteqrasiyaya töhfə verməklə yanaşı, dövlətimiz tərəfindən dirçəldilən Laçın şəhərində yaradıcı mühitin inkişafında da rol oynayacaq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu icraçı direktorunun müavini Elvira Dolya, Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, bu qəbildən layihələr yaradıcı gənclər arasında əməkdaşlığın genişlənməsinə, yeni ideyaların formalaşmasına zəmin yaradır.

Tədbir iştirakçıları Laçının "MDB-nin mədəniyyət paytaxtı" elan olunmasına və gənclər düşərgəsinə həsr edilən videoçarxları izləyiblər.

Sonda ölkəmizdən və xaricdən düşərgəyə qatılan gənclərə, eləcə də layihənin reallaşmasında iştirak edən könüllülərə sertifikatlar təqdim olunub.

Bağlanış mərasimi bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə keçirilən düşərgədə ölkəmizdən, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan gənclər iştirak ediblər.

Laçın Şəhəri Günü çərçivəsində eyni zamanda “MDB ölkələrinin beynəlxalq kino günləri” də gerçəkləşib.

Избранный
22
7
azerbaijan-news.az

8Источники